Yadplanetlilər tərəfindən hazırlandığı iddia edilən metal kürələr əslində nədir?

0
112

Yeni araşdırma 2014-cü ildə Yerə düşən göy cisminin yadplanetlilərə aid ola biləcəyini təkid edən Avi Lebin fərziyyələrinə qarşı çıxır. Professorun iddiasının əksinə olaraq, onların süni zibil olduğu iddia edilib.

Harvard Universitetində çalışan məşhur astrofizik, 2014-cü ildə Papua Yeni Qvineyanın üzərində parlayan alov topunun parçalarını toplayaraq laboratoriyaya aparmışdı.

ABŞ hökumətinin sensorları “IM1” adlanan bu alov topunun sürətini saatda 177 min kilometr olaraq ölçmüşdü. Cisimdən geridə qalan yüzlərlə kiçik maqnit kürələri illərdir okeanın dibində yataraq araşdırılmağı gözləyirdi. Fraqmentləri tapmaq və bərpa etmək üçün bir missiya hazırlayan Leb hesab edir ki, bu kürələrdə mümkün yad “texno-imzalar” (qeyri-insan varlıqlar tərəfindən istehsal olunan texnologiya izləri) ola bilər. Kəşfiyyat qrupu ilə bölgəyə gedən Leb və komandası, alov topuna aid olduğundan şübhələndikləri maqnit parçaları üzə çıxarmışdılar.

Leb bu parçaları təxminən iki ay incələmişdi. Daha sonra alim öz “Medium” səhifəsində məqalə dərc edərək onlarla kiçik sferanın təhlilini başa çatdırdığını açıqlamışdı.

Məqalədə iddia edilib ki, tədqiq edilən obyektlərdəki elementlər əvvəllər heç vaxt görünməmiş tərkibə malikdir.

Leb bu parçalara o qədər inanırdı ki, okeandan topladıqları ekspedisiyaya “Qalileo layihəsi” adını vermişdi. Ekspedisiya zamanı 700-dən çox əşya toplanıb və onlardan 57-si daha ətraflı təhlil üçün saxlanılıb.

Digər tərəfdən, ABŞ-nin Arizona Dövlət Universitetindən professor Stiven Deş və Tauson Universitetindən professor Alan Ceksonun imzaladığı məqalə çox fərqli mənzərəyə işarə edir. Hələ ekspertlər tərəfindən nəzərdən keçirilməyən məqalədə Leb tərəfindən tapılan yüzlərlə kiçik parçanın zamanla okeanın dibində toplanan Yer cisimləri olduğu iddia edilir. ArXiv elmi məqalə arxivində təqdim edilən araşdırmaya görə, obyektlərin bəziləri kosmosdan keçən süxurların tökdüyü “mikrometeoritlər” ola bilər. Lakin onun əhəmiyyətli bir hissəsi vulkanlar tərəfindən atılan və ya sənaye fəaliyyəti nəticəsində yaranan fraqmentlərdən ibarətdir.

Leb noyabrın 15-də “Medium”-da dərc olunan bloq yazısında bu tənqidlərə cavab verib və yeni nəşrlərdə kürəciklərin tərkibinin birbaşa araşdırılmadığını vurğulayıb. Alimin sözlərinə görə, ekspedisiyanın aparıldığı rayonda kömür minerallaşması yoxdur.

Leb onu da qeyd edib ki, kömür qeyri-maqnit olduğu üçün onu tədqiqat gəmisinin alətləri ilə toplamaq mümkün deyil.