İlham Əliyevin prinsipiallığı: Vaşinqton Bakının qarşısında geri çəkildi

0
113

ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəngi və müzakirə edilən məsələlər iki kontekstdə diqqət çəkdi:

Birincisi, Blinken Konqresin və Dövlət Departamentinin Azərbaycanla bağlı mövqeyinin yanlış olduğunu qəbul etdi;

İkincisi, Vaşinqton Bakının prinsipial mövqeyi qarşısında geri çəkildi;

Bakı-Vaşinqton xəttində gərginlik noyabrın 15-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrin keçirilməsi ilə başlanıb.

Dinləmələrə “Dağlıq Qarabağın gələcəyi” adının verilməsi Vaşinqtonun Azərbaycanın suverenliyinə qarşı hörmətsizliyidir. Çünki Azərbaycan Qarabağda suverenliyini təmin edib və respublika ərazisində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. “Dağlıq Qarabağın gələcəyi” demək separatizmə dəstək deməkdir və ABŞ açıq şəkildə bu siyasəti yürüdür. Dinləmələrdə iştirak edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn bəyan etdi ki, “Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək”. Bununla yanaşı, Azərbaycanla təmasların dayandırıldığını bəyan etdi.

Bununla ABŞ Azərbaycanı açıq şəkildə şantaj edir, rəsmi Bakını milli maraqlarına uyğun siyasət yürütməkdən imtina etdirməyə çalışdı. Vaşinqtonun bu siyasəti Ermənistanın maraqlarının açıq şəkildə dəstəklənməsidir və aydındır ki, beynəlxalq müstəvidə aparılan anti-Azərbaycan kampaniyasının arxasında da bu amil dayanır.

Görünür, Vaşinqtonda Bakını bu yolla öz məqsədindən yayındıra biləcəklərini düşünürdülər. Lakin Prezident İlham Əliyev həmişə olduğu kimi yenə milli maraqlarda sərgilədiyi prinsipial mövqeyindən geri çəkilmədi. Və Vaşinqtona qarşı adekvat addımlar atıldı: ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfərlər qadağan olundu;

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi ki, ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfərlərin mümkünlüyü yersizdir.

“ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”, – XİN bəyan etdi.

Bu, Dövlət Departamentinin Azərbaycana qarşı adekvat cavabı idi. Noyabrın 15-dən sonra ABŞ-ın rəhbərliyi ilə Qərb cəbhəsindən Azərbaycana qarşı təzyiq kampaniyası gücləndi. Məqsəd Azərbaycanı haqlı mövqeyindən çəkindirmək, Ermənistanın maraqları kontekstində danışıqlara məcbur etmək idi. Lakin Prezident İlham Əliyev prinsipial mövqeyindən geri çəkilmədi.

Blinkenin Prezident İlham Əliyevə telefon zəngi və Ceyms Obraynın Azərbaycana səfərinə icazə verilməsi xahişini etməsi göstərdi ki, Vaşinqton Bakının mövqeyi qarşısında reallığı qəbul etməyə məcbur oldu. Prezident İlham Əliyev Blinkenin xahişi ilə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın.

Beləliklə, Azərbaycan lideri Vaşinqton və Bakı arasında bərabərlik işarəsini qoyudu və bunu qəbul etdirdi. Bu bir daha təsdiq etdi ki:

– Heç bir qüvvə Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz, bu, hətta özünü super güc hesab edən ABŞ olsa belə.
– Azərbaycan milli maraqlarına əsaslanan qətiyyətli mövqeyindən geri çəkilməyəcək və ABŞ bundan sonra da regionla bağlı siyasətində bunu nəzərə almalı olacaq;

Vaşinqton tərəfindən başladılan gərginlikdə itirən tərəf ABŞ-ın özü oldu.

Birincisi, ABŞ-ın Cənubi Qafqazda mövqeləri zəiflədi, buna səbəb Vaşinqtonun balansı mövqedən imtinasıdır;
İkincisi, Azərbaycan ictimaiyyəti ABŞ-ın qərəzli mövqeyinin şahidi oldu;
Üçüncüsü, Vaşinqtonun bölgədə itirdiyi mövqelərini bərpa etməsi çətin olacaq, çünki yanlış siyasət ABŞ-ın bütövlükdə strateji planlarını zədələdi və bundan sonra bu ölkənin vasitəçilik niyyətləri şübhə ilə qarşılanacaq;

ABŞ bu itkilərlə Vaşinqtonun xarici siyasətinə yön verməyə çalışan erməni lobbisinə və haqsız Ermənistana görə üzləşdi.