Azərbaycanın möhtəşəm Xankəndi layihəsi: Dünya bu şəhərdən danışacaq

0
85

Azərbaycanın suverenliyini bərpa etməsiylə işğdan azad edimiş torpaqlarda həyat canlanmağa başlayıb. Artıq 30 ildir sahiblərinin yolunu gözləyən kəndlər, rayonlar, şəhərlərdə böyük quruculuq işləri gedir. Zaman keçdikcə bu proses sürətlənəcək.

Hər bir sahə kimi idman da Qarabağa qayıdır. Əvvəlki illərdə işğaldan azad edilmiş torpaqlarda yerli və beynəlxalq turnirlərin keçirilməsi bunun göstəricisidir. Bu proses bundan sonra da davam edəcək. Artıq bununla bağlı planlar qurulub.

Xankəndidə şəhəri təmsil edəcək eyniadlı böyük idman klubunun yaradılması planlaşdırılır. Əvvəlki yazılarımızda yeni mövsümdən qədim şəhərimizin futbol elitasında təmsil olunacağını bildirmişdik. Klub fəaliyyəti təkcə futbolla bağlı olmayacaq.

Dövlətin dəstəyi və diqqətiylə yaradılacaq “Xankəndi” İdman Klubunun tərkibində ölkəmizdə populyar olan və beynəlxalq arenaya çıxışı olan idman növlərinə xüsusi diqqət ayrılacaq. Eyni zamanda azərbaycanlıların sevimlisi olan döyüş, zəka və digər idman növlərinin inkişafı üçün hər cür şərait yaradılacaq.

Əsas hədəf komandaların və idmançıların Xankəndini beynəlxalq arenada təmsil etməsi olacaq. Xüsusilə futbol, voleybol, basketbol, həndbol kimi idman növlərində komandaların qarşısına Avrokuboklarda uğurlu çıxış etmək, Xankəndini layiqli formada Avropaya, dünyaya tanıtmaq hədəfi qoyulacaq.

“Xankəndi”nin fəaliyyəti bununla bitməyəcək. İdman klubunun infrastrukturuna və şəraitinə xüsusi diqqət olacaq. Eyni zamanda burada bölgədə ən böyük və bütün idman növlərini əhatə edən akademiya yaradılacaq. Həm Xankəndi, həm də bölgədə yaşayan istedadlı uşaqlar buraya cəlb olunacaq. Nəticədə Qarabağda idmanın davamlı və güclü inkişafı üçün zəmin yaranacaq.

“Xankəndi” İdman klubuyla bağlı layihə ilkin olaraq tədricən icra olunacaq. Qarabağa qayıdış prosesi davam etdikdən və bölgədə idmanla bağlı infrastuktur qurulduqdan sonra bu proses sürətlənəcək.

Qədim şəhərimizdə tədricən nüfuzlu yerli və beynəlxalq yarışların keçirilməsi də planlaşdırılır. Bunun üçün şərait yarandıqdan sonra federasiyalar və Gənclər İdman Nazirliyi lazımı addımları atacaq. Bu da Xankəndinin tanınmasına kömək etməklə yanaşı, Azərbaycanın suverenliyini bərpa etməklə bu torpaqlara sülh gətirdiyini bütün dünyaya göstərəcək.