Azərbaycanda “Aspirin kardio” niyə yoxa çıxıb?

0
178

Ölkədəki apteklər “Aspirin kardio” dərman preparatının satışını bir neçə aydır dayandırıblar.

Əczaxana işçiləri bildiriblər ki, bir neçə aydır bu preparatın depolardan paylanması dayandırılıb. Səbəb onun ölkəyə gətirilməməsi ilə izah olunub. Amma niyə gətirilməməsi ilə bağlı suala heç kim cavab verə bilmir.

Məsələ burasındadır ki, “Aspirin kardio” bahalı dərman da deyil, onun bir qutusu apteklərdə 4-5 manata satılırdı. Ancaq qandurulducu kimi ürək və insult xəstəliyindən əziyyət çəkənlər üçün çox vacib preparat hesab olunur. Həkimlər deyirlər ki, “Aspirin kardio”nun qəbul edilməsi ürəktutma hallarının qarşısının alınmasında mühüm rol oynayır və bu, digər riskləri üstələyir.

Bu səbəbdən onlar dərmanın qəfil dayandırmağı məsləhət görmürlər. Amma Azərbaycanda on minlərlə xəstə bir neçə aydır məcburən bu dərmanı başqası ilə əvəz etməli olublar.

Dərman bazarında hakimlik edən monopolistlərin yaratdığı problemlə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq.

Qurumdan bildiriblər ki, dərman qıtlığı ilə bağlı məsələyə onlar cavabdeh deyil.

Onu da qeyd ediblər ki, Azərbaycanda “Aspirin kardio” ilə bağlı müraciət bu il martın 17-də olub, o zaman ölkəyə 25 880 qutu dərman gətirilib. Daha sonra isə aprel ayının 22-də müraciət olunub və ölkəyə daha 13 min qutu “Aspirin kardio” gətirilib. Ölkəyə olan son idxallar bunlardır.