Çingiz Qənizadə: Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı

0
126

İyirmi yeddi il idi ki, xalqımız torpaqlarımızın işğaldan azad olunacağı günü böyük səbirsizliklə gözləyirdi. Doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımız haqlı olaraq deyirdilər ki, onlar məcburi köçkün adını daşımağa xəcalət çəkirlər. Soydaşlarımız doğma yurd həsrəti ilə sızıldayırdılar. Söz yox ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində dədə-baba yurdlarından didərgin salınmış soydaşlarımız üçün hər cür şərait yaradılmışdı. Ancaq onlar isti ocaqlarını heç nəyə dəyişmək istəmirdilər. İsrarla doğma el-obalarına qayıtmaq istəyirdilər. Torpaqlarımızın 20 faizinin düşmən və işğalçı Ermənistanın tapdağı altında qalmasına dözə bilmirdilər. Xalqımız Xankəndi, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan kimi cənnət guşələrimizin işğaldan azad olunacağı günü səbirsizliklə gözləyirdi. Nəhayət, illərdir arzusunda olduğumuz o günlər gəldi. Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti, qardaş ölkələr olan Türkiyə və Pakistanın dəstəyi və ən əsas müzəffər Ordumuzun şücaəti sayəsində həsrətində olduğumuz doğma torpaqlarımızda bayrağımız dalğalandı.
Bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Komitə sədri deyib ki, uzun illərdir mənfur düşmənin işğalı altında olan gözəl guşələrimizdən biri də Qubadlı rayonu idi. Artıq iki ildir Qubadlı rayonu işğaldan azad edilib. Qubadlı dəfələrlə Ermənistanın işğalçı qüvvələrinin hücumlarına məruz qalıb. Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutulub. Bununla belə çətinlik və əzablara baxmayaraq, hər dəfə erməni qoşunları torpağımızdan qovulub. Sonuncu dəfə Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29 min 997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib, 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınıb. 1080 kənd təsərrüfatı obyekti, 650 kilometr avtomobil yolu, 2 su anbarı, 150 kilometr magistral su xətləri, 4830 kilometr elektrik xətləri, 165 kilometr magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 su nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılıb.

Hüquq müdafiəçisinin sözlərinə görə, ermənilər çox yaxşı bilirdilər ki, Qubadlı faydalı qazıntı ehtiyatlarına malikdir. İşğaldan öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. İşğalçı Ermənistan Qubadlının yaşayış məntəqələrini darmadağın etsə də, bu cinayətinə görə Azərbaycan Ordusu qarşısında cavab verməli oldu.
Ç.Qənizadə deyib ki, müharibə başlayandan hər gün rəşadətli Ordumuz irəliyə getdi, yaşayış məntəqələrimizi bir-birinin ardınca işğaldan azad etdi: “Artıq xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin qələbə soraqlı müraciətlərinə adət etmişdi. Hər gün televiziya ekranı qarşısında oturub Ali Baş Komandanın yeni müraciətini səbirsizliklə gözləyirdi. Belə şad müjdədən biri də 2020-ci il oktyabrın 26-da verildi. Prezident İlham Əliyev xalqa etdiyi müraciətində Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan yaşayış məntəqələrinin və Qubadlı şəhərinin Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunduğunu elan etdi.
Komitə sədri deyib ki, 2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında səfərdə olmaları, ölkə Prezidentinin Qubadlıda Azərbaycan bayrağını ucaltması dünyaya ciddi mesaj oldu: “Qarabağ Azərbaycandır!”
Ç.Qənizadə hazırda Qubadlının yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirib. O deyib ki, Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı praktiki işlər aparılır. Rayonun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Baş plan ən müasir normalara uyğun olacaq. Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq.
“Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədər olan inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Hazırda Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır. Yaxın illərdə Qubadlı rayonu əvvəlkindən də cəlbedici olacaq”, – deyə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri vurğulayıb.