ABŞ Rusiya ilə çoxillik qarşıdurmaya hazırlaşır

0
298

Pentaqon rəhbəri Lloyd Ostinin ABŞ-ın Rusiyanı zəiflətmək niyyəti ilə bağlı bəyanatı Vaşinqtonun Moskva ilə uzunmüddətli qarşıdurmaya hazır olduğuna dəlalət edir.

“The New York Times” qəzetinin jurnalisti Devid Sanger bazar ertəsi qəzetin saytında dərc olunmuş məqaləsində bununla bağlı öz şərhini verib.

Bazar ertəsi səhər saatlarında ABŞ-ın müdafiə naziri Kiyevə səfərindən sonra Polşada çıxışı zamanı Vaşinqtonun Ukraynadakı hadisələr kontekstində məqsədlərindən danışarkən ABŞ-ın “Rusiyanın zəiflədiyini görmək istədiyini” qeyd edib. Beləliklə, jurnalistin fikrincə, Vaşinqton Ukraynada “münaqişənin transformasiyasını” ifadə edib ki, bu da hazırda “Vaşinqton və Moskva arasında daha çox birbaşa qarşıdurma” ilə xarakterizə olunur.

Sanger vurğulayıb ki, Rusiyanın Ukraynada müharibə əməliyyatları başladığı zaman ABŞ Prezidenti Co Bayden “bu müharibəni ABŞ və Rusiya arasında toqquşmaya çevirmək istəmədiyini” bəyan etmişdi. Müəllif ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən bildirir ki, Pentaqon rəhbərinin “diqqətlə planlaşdırılmış” bu bəyanatı yaxın aylarda ABŞ-ın “bu və ya digər formada sülh danışıqları”nda Ukraynaya dəstəyini göstərmək üçün nəzərdə tutulub.

“Uzunmüddətli perspektivdə isə Ostinin bəyanatı Vaşinqtonun “hakimiyyət və nüfuz üçün Moskva ilə illərlə qarşıdurmaya” hazırlaşdığını göstərir”, – deyə Sanger bildirib.

Onun sözlərinə görə, bu strategiya ABŞ üçün “bəzi riskləri” də bərabərində gətirir.