İtaliyada məhdudiyyətlər sərtləşdirilir

0
272

İtaliya peyvənd olunmayanlar üçün məhdudiyyətləri sərtləşdirir.

Bu barədə İtaliya Səhiyyə Nazirliyinin müşaviri Valter Rikkardi bildirib.

O, hesab edir ki, peyvənd sertifikatının təsirini dərhal bütün fəaliyyət sahələrinə yaymaq lazımdır.

“Bu, həm iş, həm də sosial sahələrə şamil edilməlidir. Yanvar ayı infeksiyaların artımı baxımından çətin ay olacaq, gündə yüz minlərlə yoluxma qeydə alına bilər. Azalma üçün fevral ayına qədər gözləməli olacağıq, müvafiq tədbirlər görməliyik və peyvənd kampaniyasını gücləndirməliyik”, – ekspert bildirib.

V.Rikkardi qeyd edib ki, ölkədə məcburi peyvəndin tətbiqinin əleyhinə deyil.

Yanvarın 5-də İtaliya hökuməti yalnız peyvənd olunmuş şəxslərin işə buraxılması barədə qərar qəbul edəcək. Eyni zamanda, hökumət 18 yaşdan yuxarı bütün əhali üçün məcburi peyvəndin tətbiqi imkanlarını araşdırır.

Yanvarın 10-dan İtaliya hakimiyyəti “Super COVID-19” sertifikatının istifadəsini genişləndirəcək. Bu sənəd yerli və regional ictimai nəqliyyatda, otellərdə, festival və yarmarkalarda, hovuzlarda və sağlamlıq mərkəzlərində tələb olunacaq.

Son üç gündə ölkədə gündə 100 mindən çox yoluxma faktı qeydə alınıb.