“Sanki ucqar rayondayıq, yollar bərbad, heç aptek də yoxdur…” – Masazırdan ŞİKAYƏT

0
84

Abşeron rayonu Masazır qəsəbəsi sakini kənddə bir çox problemlərin olmasından narazıdır.

Şikayətçi N.B İsmayıl Şıxlı küçəsi ev 2-də yaşayır.

O bildirir ki, evlərinə gedən yol bərbad vəziyyətdədir:

“Sanki ucqar rayonda yaşayırıq. Evimizə gedən yol asfaltlanmır, əsas yollar isə yarım-yamalaq asfaltlanır. Ara küçələr daşlıq, torpaq, palçıq qalır. Bundan əlavə, burada avtobus dayanacağı yoxdur. Qar, yağış yağanda avtobus gözləyərkən başımıza yağır, günəş olanda kölgəlik tapa bilmirik. Nəqliyyat problemimiz də böyükdür. Kənd əhalisi həddindən artıq çoxdur və cəmi 2 ədəd, “525”, “533”, “535” nömrəli avtobuslar fəaliyyət göstərir. O da tələbatı ödəmir, işə, şəhərə gedərkən 2-3 avtobus dəyişməyimizə, vaxt və pul itkisinə səbəb olur.

Bütün Masazır üçün metroya yalnız 525 nömrəli marşrut işləyir və bu qədər adama çatmır. Günün pik saatlarında vəziyyət lap dözülməz olur. Əlavə marşrutların açılmasına, avtobus sayının çoxalmasına böyük ehtiyac var. Dəfələrlə BNA-ya nəqliyyat problemi ilə bağlı şikayət etsək də, onlar bu məsələnin onların nəzarətində olmadığını və avtobusların şəxsi sahibkarın əlində olduğunu qeyd ediblər. Deyilənə görə, həmin şəxs Qarabağ əlilidir. Ancaq camaat da yazıqdır, bu qədər əziyyət çəkmək olmaz.

Kənddə uşaqlar və yaşlıların dincəlməsi üçün kiçik də olsa, park, bağça, göz oxşayan heç bir şey yoxdur. Kim 1 metr yer də tapsa, orada plansız təkdaş evlər tikir. Biz də makler fırıldağının qurbanlarından biriyik.

Bu arada, ən başlıca problem isə evin yaxınlığında, ümumiyyətlə kəndin içində aptekin olmamasıdır. Kəndin girəcəyində cəmi 1 aptek var. Təcili lazım olsa, dərman tapmaq mümkün deyil”.

Məsələ ilə bağlı bir çox qurumlara zəng etsək də, müraciətimiz cavabsız qaldı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.