Sərhəd Məmmədovu anırıq

0
108


Noyabrın 22-də Sərhəd Məmmədovun anım günü olmuşdur. İctimai Nəzarət Koalisiyasının sədri, ictimai xadim Rasim Məmmədov və təşkilatın üzvləri S.Məmmədovun son mənzilini ziyarət etmişlər.
Sərhəd Əsəd oğlu Məmmədov 28 may 1933-cü ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 1952-ci ildə Gərmətük qəsəbə orta məktəbini, 1958-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu plan-iqtisad fakültəsinin kənd təsərrüfatı şöbəsini, 1978-ci ildə Moskva Ali Partiya Məktəbini, 1990-cı ildə Timiryazev adına Ümumittifaq Kənd Təsərrüfatı Akademiyasının pedaqoji fakültəsini bitirmişdir.
Lənkəran rayonunun görkəmli ziyalılarından olan Sərhəd Məmmədovun rayonda aparılan sosial quruculuq işlərində xidmətləri olmuşdur. O, Respublika Mərkəzi Statistika İdarəsi Lənkəran Rayon Müfəttişliyində tədarük üzrə müfəttiş (1958–1960), rayon komsomol komitəsində təlimatçı (1960–1961), “Albaniya” (Girdəni) kolxozunda (1961–1962), “Lənkəran” çayçılıq sovxozunda iqtisadçı-aqronom (1962–1964), H.Aslanov adına sovxozda baş iqtisadçı (1964–1967), “Lənkəransutikinti” trestində plan-maliyyə şöbəsinin rəisi (1967–1969), H.Aslanov adına sovxoz partiya komitəsinin katibi (1969–1971), şəhər Partiya Komitəsinin təşkilat-partiya işi şöbəsinin müdiri (1971–1972), şəhər Xalq Nəzarəti Komitəsinin sədri (1972–1973), Lənkəran rayon XDS İcraiyyə Komitəsinin sədri (1973–1980), Yardımlı Rayon Partiya Komitəsinin I katibi (1980–1987), Lənkəran Aqrar-Sənaye Kombinatında aparıcı mütəxəssis (1987), Lənkəran Sovxoz-Texnikumda müəllim (1987–1990), Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini (1991–1992), şəhər icra hakimiyyəti başçısının Gərmətük qəsəbəsi üzrə nümayəndəsi (1992–1994) işləmişdir. II çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə Qırmızı Əmək Bayrağı, “Şərəf Nişanı” ordenləri, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, müxtəlif medallar və döş nişanları ilə təltif olunmuşdur. Azərbaycan Kommunist Partiyasının XXIX, XXX və XXXI qurultaylarının nümayəndəsi olmuş və Mərkəzi Komitənin tərkibinə seçilmişdir. X və XI çağırışlarda (1981 və 1985) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və mədəniyyət komissiyasının üzvü olmuşdur. Lənkəran Ziyalılar Cəmiyyətinin sədri (1993–1998), Respublika Ziyalılar Cəmiyyətinin idarə heyətinin üzvü (1993–1998) olmuşdur. Lənkəran Ağsaqqallar Şurası sədrinin müavini, eyni zamanda Lənkəran Dövlət Universitetinin valideynlər şurasının sədri, “Gərmətük salnaməsi” kitabının müəlliflərindən biri olmuşdur.
Nümunəvi dövlət xadimi, Heydər Əliyevə sədaqətli şəxsiyyət kimi tanınan Sərhəd Məmmədovun vəfatından 1 il ötməsinə baxmayaraq onun əziz xatirəsi dərin hüznlə anılmaqdadır.