Neft Fondunun “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından əldə etdiyi gəlir AÇIQLANIB

0
73

Azərbaycan Respublikası Dövlət Neft Fondu 2021-ci ilin yanvar-noyabr ayları ərzində “Azəri-Çıraq-Günəşli” (AÇQ) və “Şahdəniz” yataqları üzrə ümumi 6 002 707 000 ABŞ dollarına yaxın gəlir əldə edib.

Dövlət Neft Fondundan verilən məlumata əsasən, bu dövrdə Azəri-Çıraq-Günəşli yatağından 5 272 000 000 dollar həcmində gəlir əldə edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə AÇQ üzrə əldə edilən gəlirlərin həcmi 1,6 dəfə artıb.

Həmçinin, yanvar-noyabr ayları ərzində “Şahdəniz” qaz və kondensat yatağından əldə edilən gəlirin ümumi həcmi 730 707 000 ABŞ dolları olub. 2020-ci ilin eyni dövrü ilə müqayisədə gəlir həcmi 2,6 dəfə artıb.

“Şahdəniz” yatağı üzrə kondensatın satışından 278 178 000 ABŞ dolları gəlir əldə edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz çoxdur.

Xatırladaq ki, Neft Fondu 2020-ci yanvar-noyabr ayları ərzində AÇG yatağından 3 336 000 000 ABŞ dollar, “Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından isə 276 000 000 ABŞ dolları gəlir əldə edilib.