Rusiyada mədən partlayışında xəsarət alanların sayı artıb

0
86

Kuzbassdakı “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində xəsarət alanların sayı 76-ya çatıb. Hazırda onlardan 64-ü xəstəxanadadır.

Bu barədə Kemerovo vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 28-i yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə 09:00) olan məlumata görə, bölgədəki xəstəxanalarda 64 nəfərin müalicəsi davam etdirilir. 12 nəfər isə ev şəraitində həkimlərin müşahidəsi altındadır”, – deyə məlumatda bildirilib.

Qeyd olunub ki, zərərçəkənlərdən 4-nün vəziyyətinin ağır, 14 nəfərin orta ağır, 46 nəfərin vəziyyəti isə qənaətbəxşdir.

Xatırladaq ki, noyabrın 25-də “Listvyajnaya” mədənində qəza baş verib. Mədəndə 285 nəfər olub. Onlardan 52-sinin həlak olduğu bildirilib.