Çingiz Abdullayev: “Utanmırlar, mənə belə sözlər yazırlar?!” – MÜSAHİBƏ

0
435

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi , “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti Çingiz Abdullayevin müsahibəsi:

– 30-31 oktyabr tarixlərində Sumqayıtda Kitab Yarmarkası keçirildi. Siz də orada iştirak etdiniz. Yarmarkada sizin kitabsevərlərlə görüşünüz olub. Təəssüratlarınız necədir?

– Orada 1 000-ə yaxın məni sevən olub. 1 000 adam məni bəyənir, 5-i bəyənmir… Bir ay bundan əvvəl yeni kitabım işıq üzü görüb. Fransada, Latviyada, Danimarkada da bu kitab satışa çıxacaq. Türkiyədə yeni müqaviləyə imza atmışam. 12 kitabım türk dilinə tərcümə olunacaq.

– Ümumiyyətlə, sonradan kitablarınızın tərcüməsinə baxıb, onları bəyənirsiniz?

– Kitablarım 32 dilə tərcümə olunur. Özüm altı dildə danışa bilirəm. Bunlar hansı dillərdir – mənim bioqrafiyamda var. Ancaq digər dillərin hamısını bilmirəm deyə tərcümələrin keyfiyyətindən xəbərim olmur. Amma azərbaycanca tərcümə olunanlara baxıram. Çox adam bilmir. Mən Anarın bir kitabını rus dilinə tərcümə etmişəm.

– Həmin kitab yarmarkasında “I Qarabağ Müharibəsi olmayıb” cümləniz geniş əks-səda doğurdu. Bu cümlə birmənalı qarşılanmadı…

– Bir il əvvəl mən ermənilərlə söhbət edəndə onlar gülürdü ki, siz alverçisiniz, siz vuruşan xalq deyilsiniz. Mən ona görə deyirəm ki, bu iki müharibəni eyniləşdirməyin. 20-30 ildən sonra ermənilər öz nəvələrinə deyəcək ki, iki müharibə olub, birini biz udmuşuq, digərini uduzmuşuq. Axı, bu belə olmayıb. Birinci müharibə vaxtı bizim nə hakimiyyətimiz, nə ordumuz, nə pulumuz, nə silahımız olub. Yalandan deyirlər ki, mən hörmətsizlik etmişəm. Öz qardaşım həmin vaxt Şuşada şəhid olub. Ancaq onlar silahsız mübarizə aparırdılar. Özbaşınalıq vardı. Yalnız Ağdamda 6 000 insan şəhid olub. Ona görə də hər ikisini müharibə adlandırmaqla biz bir-birimizi təhqir edirik. Birinci olan faciə idi, neçə min insan şəhid olub, neçə milyon insan qaçqın düşüb. Orduya çağırılanlar dövlət televiziyasına çıxarılıb, oradan cəbhəyə aparılırdı. Belə ordu olar?!.. Ermənilər isə pullu idilər. Diasporları hesabına silah-sursat alırdılar. Nəyə görə Xocalı faciəsi baş verəndə bizim ordumuz müdaxilə edə bilməyib? Onlar 366-cı motoatıcı alaya məxsus silahlarla təchiz olunub. Bizdə isə heç nə yox idi.

Ermənilər həyasızcasına deyir ki, müharibə hesabı 1:1-dir, üçüncü müharibə olacaq. Bunu gizlətmirlər. Mən 1990-cı ildə, sovet vaxtında “Çyornı Yanvar” (“Qara Yanvar”) kitabını yazmışam. Sizin o vaxt yeddi yaşınız olub. Sovet ordusu həmin vaxt Bakıda idi. Mən bu kitabı iki günə yazdım.

– Fikrinizi ümumiləşdirsək, deyə bilərik ki, siz birinci müharibəni ona görə qəbul etmirsiniz ki, qeyri-bərabər səviyyədə olan savaşı “müharibə” saymırsınız…

– Bəli. Birinci sadəcə faciə idi. O vaxt Azərbaycanda hakimiyyət mübarizəsi gedirdi. Beş ildə yeddi dəfə hakimiyyət dəyişmişdi. Təbii ki, belə şəraitdə bizim yalnız könüllü batalyonlarımız olub. Ona görə də deyəndə ki, ikisi də müharibədir – bu, yalandır. Bunu deməklə xalqı təhqir edirik. Belə çıxır ki, biz müharibə etmişik, amma torpaqlarımızı müdafiə edə bilməmişik. İndi məni söyməklə nə olur ki? Biz “iki müharibə olub” deyəndə qonşularımız bundan məharətlə istifadə edəcək.

Mən faciənin səhəri günü Anar və Bəxtiyar Vahabzadə ilə birgə Ağdama gəlmişəm. Xocalıda faciəni törədənlər sovet tankları idi. Bunu necə müharibə adlandırmaq olar?

– Ümumiyyətlə, istər bu, istərsə də sizin su ilə bağlı statusunuz birmənalı qarşılanmadı. Sizi tənqid edənlərə bir küskünlük hiss edirəm…

– Məni təhqir edirlər. Niyə məni təhqir edirlər? Mənim də qardaşım şəhid olub. Məndən çox Azərbaycanı dünyada müdafiə edən yazıçı var? Söhbət müharibə vaxtından getmir. Mən hələ sovet vaxtından Zori Balayanın və s. ermənilərin əleyhinə kitab yazmışam. Bizim həqiqətlər haqda səkkiz dəfə Rusiyada, dörd dəfə ABŞ-da çıxış etmişəm. Utanmırlar, mənə belə sözlər yazırlar?! Heydər Əliyev olmasaydı, biz bütün torpaqlarımızı itirəcəkdik. Mən bu sözü onun oğlu indi prezidentdir deyə demirəm. Ona görə deyirəm ki, bu, bir həqiqətdir.

– Bəzən sizi detektiv yazar kimi Elxan Elatlı ilə müqayisə edirlər. Siz özünüz bu müqayisəyə necə baxırsınız?

– Elxan çox istedadlı insandır. Amma heç olmasa onun kitabları 10 ölkədə mağazada satılsın da…

– Belə çıxır ki, Elxan Elatlı yerli kitab bazarı üçün istedadlıdır…

– Yox, mən onu demək istəmədim. Amma çox sevinərəm ki, məndən başqa azərbaycanlının da kitabları xaricdə satılsın. Bizim yazıçıların xaricdə çox kitabı dərc olunur. Amma əsas odur ki, onlar mağazada satılsın və insanlar görsün ki, Azərbaycan yazıçılarının kitabları var.

– Görünür, Elxan Elatlının beynəlxalq kitab bazarına çıxışı yoxdur. Siz ona bu məsələdə kömək etməyə hazırsınızmı?

– Mən dəfələrlə bir neçə gənc yazıçıya bu baxımdan kömək etmişəm. Fransada, Rusiyada, Türkiyədə onların kitablarını çap etdirməyə çalışmışam və etmişəm də. Mən buna sevinirəm. Nə qədər xaricdə çox yazıçımızın kitabı satılsa, bir o qədər yaxşıdır. Mən yazıçılarımıza kömək edirəm və edəcəyəm də. Hesab edirəm ki, bu mənim borcumdur.

– Kitablarınızda “Dronqo” seriyasını bitirmək barədə heç düşünmüşünüz?

– İki dəfə bu barədə düşünmüşəm. Ancaq oxucular bunu istəmir. Sumqayıtda da kitab üçün 200-300 nəfərlik növbə vardı. İnsanlar soruşurdu ki, bu nə növbədir?!