Azərbaycanda avtomobil almaq istəyənlər üçün MÜHÜM XƏBƏR: BUNDAN SONRA… – VİDEO

0
160

Milli Məclisdə 1 yanvar 2022-ci ildən vergi məcəlləsinə təklif edilən əlavə və dəyişikliklər müzakirə olundu. Müzakirəyə çıxarılan məsələlərdən biri də nağdsız hesablaşmalar haqqında qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklərlə bağlıdır. Qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilib və müəyyən edilmiş sahələr üzrə nağd ödənişlərdə limitlərin tətbiq olunması irəli sürülüb. Görünən odur ki, vergi nəzarəti dərinləşəcək və ciddi yeniliklər olacaq.

Bəs, nağdsız hesablaşmalar haqqında qanunvericiliyə edilməsi nəzərdə tutulan qanun layihəsi qəbul olunarsa, bunun sadə vətəndaşların həyatına necə təsiri olacaq?

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib ki, nağdlı ödənişlərin limitinin müəyyənləşdirilməsi nağdsız ödənişləri təşviq etmək məqsədi daşıyır: “Xüsusilə də nəzərə alsaq ki, iqtisadiyyatın ağardılması və gizli iqtisadiyyatın minumumlaşdırılması üçün nağdsız ödənişlərin həcminin artırılmasına ehtiyac var. Burada söhbət həm də birdəfəlik ödənişlərdə 4 min manat limitin müəyyənləşdirilməsindən gedir. Yəni, əgər vətəndaş 4 min manata qədər birdəfəlik alış-veriş edirsə, o halda nağd ödəyə biləcək. Ancaq onun birdəfəlik alış-verişinin həcmi 4 min manatdan çox olarsa, plastik kartdan istifadə edəcək. İl ərzində bir neçə dəfə ödəniş edirsə, bu halda 4 min manat limit daxilində bir neçə dəfə alış-veriş etdiyi qədər 4 min manata qədər nağd ödəmək imkanına malik olacaq. Burada əsasən 4 min manatın müəyyənləşdirilməsi onunla bağlıdır ki, xüsusən pərakəndə ticarətdə alış-verişlərin həcmi, təbii ki, bəzi sektorlar istisna olmaqla, adətən 4 min manatdan az olur. Ancaq mebel və bu kimi digər alış-verişlər zamanı pərakəndə ticarətdə 4 min manatdan artıq ödənişlər həyata keçirilir”.

V.Bayramovun sözlərinə görə, burada digər bir məqam infrastrukturun formalaşması ilə bağlıdır. Eskpert əlavə edib ki, xüsusilə də sahibkarların bu istiqamətdə dəstəklənməsinə ehtiyac var ki, bütün satış məntəqələrində POS-terminallar işləsin:

“POS-terminalların işləməsinə nəzarətin gücləndirilməsinə ehtiyac var. Səhiyyə müəssisələrində plastik kartla yanaşı, həm də xüsusi ödəniş terminalları quraşdırılacaq. Vətəndaş səhiyyə xidməti alan zamannağdlı ödəniş etmək istəyirsə, həmin ödəmə terminalları vasitəsilə nağd vəsaiti daxil etməklə ödəniş edə biləcək. Bu baxımdan nəzərə alsaq ki, məqsəd nağdsız ödənişləri təşviq etməkdir və bu kontekstdən xüsusilə də limitlər birdəfəlikdir, yəni bunlar illik və aylıq limitlər deyil. Bu halda vətəndaş bir neçə dəfə alış-veriş etməklə 4 min manatdan aşağı hissəni nağd formada ödəmə imkanına malik ola bilər. Buna görə də bütövlükdə vətəndaşlarımızın, sahibkarların bu limitlərə hazır olması müəyyən zaman ala bilər. Amma bütün hallarda sahibkarların da dəstəkləməsinə ehtiyac var. Xüsusilə də POS-terminalların quraşdırılması ilə bağlı daha geniş güzəştlərin tətbiq edilməsinə və sahibkarlara daha çox dəstəyin verilməsinə ehtiyac var ki, iş adamları POS-terminalları qısa zamanda quraşdıraraq nağdsız hesablaşma sistemini formalaşdıra bilsinlər”.

Qanun layihəsində bir sıra ödəmələrin nağdsız qaydada həyata keçirilməsini nəzərdə tutan dəyişikliklər təklif edilir. Buraya ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər də daxildir. Dəyişikliyə əsasən, avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək. Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Vüqar Bayramovvurğulayıb ki,avtomobillərin adətən alqı-satqı məbləğinin yüksək olmasını nəzərə alsaq, burada məqsəd alqı-satqının leqallaşması və bu istiqamətdə gizli iqtisadiyyatın minimumlaşmasıdır: “Nəzərə alsaq ki, avtomobillərin alqı-satqısı notarius vasitəsilə həyata keçirilir. Buna görə də burada dəyişən prosedur yalnız nağdsız şəkildə ödənişlərin həyata keçirilməsi ilə bağlıdır. Artıq ödəniş rəsmiləşəndən sonra notarius vasitəsilə həmin ödənişin nağdsız həyata keçirilməsi mümkün olacaq. Xüsusilə Bakıda bir sıra notariuslarda bank filialları da fəaliyyət göstərir. Bu da imkan verəcək ki, vətəndaş avtomobil alan zaman oradakı bank vasitəsilə alqı-satqı prosesini həyata keçirə bilsin”.

Nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, ölkəmizdə müəyyən alqı-satqı əməliyyatları var ki, onlar yalnız nağdsız qaydada həyata keçirilməlidir:

“Yəni ödəniş banklar vasitəsilə həyata keçirilməlidir. Məsələn, ən yaxşı misal burada daşınmaz əmlakın alqı-satqısı ilə bağlıdır. Mənzil alqı-satqısı zamanı notarial qaydada alqı-satqı müqaviləsi təsdiq olunanda, alıcı danışılmış pulu bank hesabına yerləşdirir, daha sonra satıcı müqavilə bağlandıqdan sonra bank hesabından həmin pulu götürür. Burada bank qazanır, yəni müəyyən miqdarda komissiya haqqı alır. Əsas məqsəd ondan ibarətdir ki, ölkədə maliyyə dövriyyəsi nəzarətdə saxlanılır, dövlət rüsumları ilə bağlı məsələlər də həll olunur. İndiyədək avtomobil satışı sahəsində bu qaydalar tətbiq olunmurdu. Ancaq bundan sonra avtomobillərin alqı-satqısında nağd hesablaşmalar aradan qaldırılacaq”.

Ekspert qeyd edib ki, hazırda qanunun məzmununa görə, ixtisaslaşdırılmış qaydada komision mağazalar vasitəsilə alqı-satqı və avtomobil salonlarında alqı-satqı nağdsız həyata keçiriləcək: “Artıq avtomobil alıcısı pulu bank hesabına köçürəcək və nağdsız formada ödənişi həyata keçirəcək. Maşın bazarına bunun heç bir təsiri olmayacaq. Sadəcə bankların bu xidmət üçün nə qədər komissiya haqqı müəyyən edəcəyi maraqlıdır. Alqı-satqıda ola bilər ki, məbləğin bir hissəsini komissiya haqqı kimi bank özünə götürəcək. Bu, yəqin ki, cüzi olacaq və avtomobillərin satış qiymətinə o qədər də təsir etməyəcək”.

Ə.Hüseynovun sözlərinə görə, nağdsız ödəmələr etibarnamələrə müraciətin sayını daha da artıracaq ki, bu da heç də yaxşı hal deyil: “Hazırda avtomobil dövriyyəsində etibarnamə mövcuddur. Bəzi şəxslər alqı-satqı əvəzinə etibarnamə verirlər. Komissiya haqqı böyük olsa, məsələn 100 manat və ondan çox olarsa, ola bilsin ki, bəzi şəxslər 100 manata və ya yüz manatlara qənaət etmək üçün etibarnamələrə üz tutacaqlar. Bu isə yaxşı hal deyil. Alqı-satqının əvəzinə etibarnamənin verilməsi çoxlu hüquqi problemlər yaradır. Avtomobilin rəmiləşdirilməsi ilə bağlı dövlət rüsumu var. Digər tərəfdən də banka pul veriləcək, orda da komissiya tutulacaqsa, hər iki xərci qarşılamamaq üçün insanlar etibarnamələrə müraciət edəcəklər”.