Həkimlər pasiyentlərə bioloji fəallığa malik qida əlavələrini dərman vasitəsi kimi yazıblar – RƏSMİ

0
313

2021-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) ölkəyə idxalı ilə bağlı 2 130 müraciət edilib.

Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli danışıb.

O bildirib ki, bunlardan 1 731-i qida təhlükəsizliyi sertifikatı ilə təmin edilib:

“Tərkibində ağır metallar aşkar edilən iki müraciət üzrə məhsulların məhv edilməsi haqqında qərar verilib. İki müraciət üzrə məhsullar tərkibində ağır metal aşkar edildiyindən və orqanoleptik göstəriciləri uyğunsuz olduğundan geri qaytarılıb”.

​Q.Təhməzlinin sözlərinə görə, BFMQƏ-lər ilə bağlı müxtəlif uyğunsuzluqlar aşkarlanıb:

“Etiket məlumatlarında BFMQƏ-nin xəstəliklərin müalicəsi və profilaktikası zamanı istifadə edilməsi, habelə bu cür təəssürat yaradan və istehlakçıların çaşdırılmasına səbəb olan ifadə və məlumatların göstərilməsi, qablaşdırma və istifadə təlimatlarının mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi, qida təhlükəsizliyi sertifikatı olmadan qanunsuz olaraq satışının həyata keçirilməsi, uşaqlar üçün nəzərdə tutulmayan BFMQƏ-nin qablaşdırmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən ifadə, şəkil və rəsmlərin yerləşdirilməsi, qadağan olunduğu halda BFMQƏ-lərin həkim reseptinə yazılması və apteklərdə dərman vasitəsi kimi satılması halları aşkarlanır”.