“Gəncə hadisələri”nə görə həbs edilənlərin cəzası azaldıldı – Yenilənib

0
36
“Gəncə hadisələri”nə görə həbs edilənlərin cəzası azaldıldı

“Gəncə hadisələri” ilə əlaqədar həbs olunmuş Urfan Məmmədovun cəza müddəti azaldılıb.

Bu barədə onun vəkili Qanqa İbrahimov məlumat yayıb. O bildirib ki, Ali Məhkəmə müvəkkili U.Məmmədovun cəza müddətini 5 ilə endirib.

Belə ki, Cinayət Məcəlləsinin 18 maddəsi ilə təqsirli bilinən və 18 il azadlıqdan məhrum edilən Urfan Məmmədovun ittiham olunduğu maddələr üzrə cinayət işinə xitam verilib. Ali Məhkəmə onu yalnız Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilib. Yekunda U.Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, U.Məmmədov Yunis Səfərovla birlikdə ittiham olunurdu. Yunis Səfərova ömürlük, digərlərinə isə 18-20 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.

***

Trend-in məlumatına görə, sözügedən hadisə ilə bağlı saxlanılmış  Oqtay Hüseynzadə və Abbas Abbasovun da cəzası azaldılıb. Belə ki, O. Hüseynzadənin cəzası 18 ildən 10 ilə, Abbas Abbasovun cəzası 9 ildən 7 ilə endirilib.

Təqsirləndirilən şəxslərdən Ali Məhkəməyə kassasiya şikayəti vermiş daha iki nəfərin – Elşən Məmmədov və Rauf Bayramovun şikayəti isə təmin edilməyib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə E. Məmmədov 7, Bayramov isə 9 il azadlıqdan məhrum edilib. Yuxarı instansiya məhkəmələri də bu hökmü qüvvədə saxlayıb.