“Xarıbülbül” satış-sərgisi təşkil olundu

0
145
“Xarıbülbül” satış-sərgisi təşkil olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyindəki DOST Agentliyinin 4 saylı DOST Mərkəzində əlilliyi olan şəxslərin əl işlərinin təqdim edildiyi, Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunmuş “Xarıbülbül” satış-sərgisinə başlanıb.

ƏƏSMN-dən verilən məlumata görə, sərginin açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, təşkil olunan “Xarıbülbül” sərgisi möhtəşəm Qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunub. A.Əliyev bildirib ki, 44 gün davam edəcək sərgidə məqsəd əlilliyi olan şəxslərin, o cümlədən İnklüziv İncəsənət məktəbi tələbələrinin əsasən Vətənə, işğaldan azad edilmiş torpaqlarımıza, Zəfərimizə həsr olunmuş, ümumən vətənpərvərlik mövzusunda əl işlərinin nümayiş olunmasıdır. Bu sərgi, eyni zamanda, əlilliyi olan şəxslərin yaradıcılıq istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması məqsədi daşıyır.

Qeyd edək ki, sərgidə 20-dək şəxsin 100-dən çox əl işi təqdim edilir. Əl işlərinin satışından əldə olunan vəsait da həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.