Heç vaxt solmayan təbəssümün sahibləri: Onlarla bir gündən FOTOREPORTAJ

0
337

Bu gün müstəqil ölkənin xoşbəxt gələcəyinin sahibləri olan uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Hər il iyun ayının 1-i bütün dünyada uşaqlara həsr olunur.

Sağlam təfəkkürlü bir cəmiyyətdən söhbət açarkən, ağıla gələn ilk olaraq uşaqlar olur. Onlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan öz xoşbəxtliyini ilk növbədə öz övladında görür. Uşaqlar xoşbəxt olduqca dünya daha da gözəl bir məkana çevrilir.

Uşaqlar cəmiyyətin gələcəyidir. Məhz bu səbəbdən dövlətimiz heç zaman uşaqlardan öz qayğısını əsirgəməyib. Ölkəmizdə körpələrin azad, firavan yaşaması üçün zəruri addımlar atılıb. Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər diqqətdə saxlanılır.

Bu gün iyunun 1-də bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilsə də, Azərbaycanda valideyn qayğısından kənarda qalan, əlilliyi olan, autizm sindromlu, eləcə də daun sindromlu uşaqlarımız da var. Bu gün həm də onların bayramıdır.

Dünyada və ölkəmizdə davam edən koronavirus pandemiyası ilə əlaqədar bu il uşaqların görüşünə gedə bilmədik. Lakin, cəmiyyətin hər bir fərdi tez-tez uşaqlara diqqət ayırmalıdır. Onların qonağı olub, vaxt tapan kimi onlara baş çəkib, ünsiyyət qurmalıdırlar.

Elə bizim bu gün çətinliklə də olsa Daun sindromlu mələklərin görüşünə getdiyimiz kimi. Oxu.Az-a bu çətin şəraitdə imkan yaradan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinə və onun kollektivinə dərin təşəkkürümüzü bildiririk.

Uşaqların üzündə həmişə insanın ürəyinə rahatlıq verən xoş, məsum bir gülümsəmə var. Həyatın istənilən anında sanki sizə işıq tutur o gülüşlər. Düşünün, siz yalnız tanıdığınız şəxslərə qarşı özəl münasibət göstərir, onları xüsusi diqqətə layiq görürsünüz. Lakin, bu balacalar kimliyindən asılı olmadan hər kəsə sevgi ilə baxır, mərhəmətlə yanaşırlar.

Məncə, dünya uşaqların mərhəməti sayəsində fırlanır. Qəlblərində saf məhəbbət böyüdən, yaşın həqiqətən sadəcə bir rəqəm olduğunun əyani sübutudur bu körpələr… Çoxlarımız müəyyən bir yaşdan sonra yenidən gənc, uşaq olmaq istəyirik, onlar isə bunu yaşayır. Onlar hər zaman uşaq kimi saf və təmiz qalırlar…

Odur ki, bu gün ailəsi ilə evində olan, ailəsindən uzaqda olan, ailə qayğısından ümumiyyətlə məhrum olan, eləcə də autizm, daun sindromlu uşaqların da bayramıdır. Uşaqlar çox həssas olurlar. Cəmiyyət olaraq kimliyindən asılı olmayaraq, onlara qayğı, diqqət ilə yanaşmalı, bir gün deyil, hər gün çöhrələrində gülüş yaranması üçün əlimizdən gələni etməliyik.

Əziz balalar, hər zaman sağlam və xoşbəxt olmağınız diləyilə.