Ermənistanla sərhəd məsələsi Azərbaycanın xeyrinə həll olunacaq – SORĞU

0
93

Sosial Tədqiqatlar Mərkəzi müharibədən sonrakı siyasi proseslərdən gözləntilərə dair keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.

Sorğu Azərbaycanın bütün bölgələrini əhatə etməklə 600 şəxs arasında keçirilib.

Respondentlərin demək olar ki, yarısı (45,2 %) Zəngəzur dəhlizinin 1 il ərzində açılmasını gözlədiyi halda, dəhlizin 2-5 il ərzində açılacağını düşünənlərin çəkisi 24,6 %-ə bərabərdir.

Qarabağ və ətraf ərazilərdə mina siyasətinə dair rəyi öyrənilənlərin yarısı (50,7 %) hesab edir ki, hökumət beynəlxalq təşkilatları mina xəritələrinin açıqlaması üçün Ermənistana sanksiyalar tətbiq etməyə çalışmalıdır. Təxminən hər on respondentdən biri bu qənaətdədir ki, sərhədlərin müəyyənləşdirilməsi tezliklə yekunlaşmalı (7,6 %) və minaların təmizlənməsi istiqamətində xarici əlaqələr gücləndirilməlidir  (9,4 %).

Respondentlərin əhəmiyyətli hissəsi (73,4 %) Azərbaycan-Ermənistan sərhədindəki prosesləri izləyir. Bu kateqoriyaya arasında Ermənistan-Azərbaycan sərhəd məsələsinin Azərbaycanın iradəsi ilə onun xeyrinə yekunlaşacağını düşünənlərin çəkisi 69,4 % təşkil edir.

Lakin respondentlərin müəyyən hissəsi (15,5 %) bu prosesin Ermənistan tərəfindən uzadılacağından narahatdır.

Respondentlərin 37 %-i erməni hərbi diversantlarının Bakıda məhkəmə prosesini mütəmadi qaydada, 21 %-i tez-tez, 16,5 %-i bəzən izləyir. Məhkəmə prosesini izləyənlərin daha çox hissəsi hesab edir ki, bu proses nəticəsində Azərbaycanın qanunlarına hörmət etmək istəyən ermənilər də insanlarımıza qarşı qəddarlığın cəzasız qalmayacağını dərk edəcək (35,7 %).

Digər geniş yayılmış qənaət bundan ibarətdir ki, məhkəmə prosesi qarşıdakı dövrdə ərazilərimizə keçmək istəyən diversant və ya terrorçulara mesajdır (30,8%).