Myanma polisləri etirazçıları öldürməmək üçün Hindistana sığınır

0
256

Myanmada polislər etirazçılara atəş açmamaq üçün Hindistana sığınırlar.

Hindistana sığınan, əsl adı təhlükəsizlik səbəbi ilə açıqlanmayan Myanma polislərindən biri etirazçıları vurmaqdan iki dəfə imtina etdikdən sonra ölkədən qaçdığını deyib.

O, ordunun daha da qəddarlaşdığını bildirib.

22 yaşlı başqa bir polis etirazçılara atəş açmaqdan imtina etdiyini vurğulayıb:

“Məsul zabit bizə beşdən çox qrup halında çıxan insanları vurmağımızı əmr etdi. İnsanları döyürdülər. Gecələr yata bilmirdik”.

O qeyd edib ki, insanların silahla vurulduğunu görməyə vicdanı tab gətirməyib.

Polislər deyiblər ki, peşələrini sevsələr də, bu şərtlər altında vəzifələrini yerinə yetirə bilməyiblər.

Onlar yaxın gələcəkdə daha çox həmkarlarının onlara qoşulacağını gözlədiklərini bildiriblər.

Ştat rəsmilərinin verdiyi məlumata görə, hərbi çevrilişdən sonra mülki şəxslər də daxil olmaqla 100-dən çox insan Myanmadan Hindistanın Mizoram ştatına qaçıb.

Xatırladaq ki, Myanma ordusu siyasi qrupların 8 noyabr 2020-ci il seçkilərini manipulyasiyasını  və ölkədəki siyasi gərginliyin artdığını iddia etdikdən sonra 1 fevralda rəhbərliyi ələ keçirib və ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan ediblər.

Myanmalılar fevralın 6-da demokratiyaya qayıdış tələbi ilə etrazlara başlayıblar. Nəticədə 60 nəfər öldürülüb, 1 500-dən çox insan həbs edilib.