İlham Əliyev: “Adam gərək dəli olsun ki, Ermənistana pul qoysun”

0
34

“Mənə dünən məlumat verildi ki, çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir. Mən demişəm bu siyahı dərc edilsin, hər kəs görsün ki, hansı ölkələrin suveren neft fondları, yaxud da ki, ehtiyat fondları orada göstərilir. Görün biz kimləri qabaqlamışıq? Davos İqtisadi Forumunun hesabatına baxın, biz iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq. Kimsə bizə kömək edib? Yox. Bunu borca girib etmişik? Yox”.

Bu fikirləri Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında söyləyib.

“Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 18-19 faizini təşkil edir. Bir də ki, bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5-6 dəfə çoxdur. Biz istəsək sabah, birisi gün, bir aydan sonra bütün xarici borcumuzu ödəyə bilərik. Yəni, bu nailiyyətləri öz zəhmətimiz hesabına qazanmışıq, əraziləri işğal olunmuş ölkə kimi qazanmışıq, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanmışıq. Bu, Vətən müharibəsi üçün iqtisadi sahədə, siyasi sahədə, daxili sabitlik sahəsində hazırlıq idi”, – deyə dövlət başçısı bildirib.

“Baxın, indi Azərbaycana xaricdən nə qədər investisiyalar qoyulur. Bunun əsas amili daxili sabitlikdir. “Doing Business” proqramında, biz yaxşı yerlərdəyik. İndi bizim yerimizi də artırıblar və qabaqcıl ölkələr sırasındayıq. Ermənistana bir manat qoyan var? Yox. Adam gərək dəli olsun ki, oraya pul qoysun. Heç xaricdə yaşayan ermənilər də pul qoymurlar. Nə üçün? Çünki hərc-mərclik var, aləm qarışıb, sabitlik yoxdur, lider yoxdur, etibar edə biləcəyi bir şəxs yoxdur ki, investor gəlsin desin, bəli, mən inanıram bu dövlətə, bu dövlət başçısına, mən vəsait qoyuram”, – deyə prezident əlavə edib.