Cəlilabadın qazlaşdırılmamış kəndləri ilə bağlı AÇIQLAMA

0
108

Bəzi regionlarda yaşayan sakinlər hələ də qaz təchizatının olmamasından əziyyət çəkirlər.

Bu barədə  sakinlər məlumat veriblər. Söhbət Cəlilabad rayonunun Hacıməmmədli və Şabanlı kəndlərindən gedir.

Hər iki kəndin sakinlərinin sözlərinə görə, həmin ərazilərə qaz xətti çəkilmədiyi üçün bir sıra problemlərlə qarşılaşırlar:

“Bu gün evlərdə qaz yoxdur. Biz məcburiyyətdən kiçik qaz balonlarından istifadə edirik. Qaz balonlarını doldurmaq üçün isə kənddən 19 kilometr aralıda yerləşən yanacaqdoldurma məntəqəsinə gedirik. Qışda isə problemləri saymaqla bitməz”.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, şikayətlərə yerində baxılıb və araşdırılıb:

“Cəlilabad rayonu Hacıməmmədli kəndi qazlaşdırılmamış yaşayış məntəqələri siyahısındadır. Bu kəndin qazlaşdırılması ilə bağlı məsələyə də 2019-2023-cü illəri əhatə edən “Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı” çərçivəsində baxılacaq. Bu proseslər mərhələli şəkildə həyata keçiriləcək. Həmin kəndin qazlaşdırılması ilə bağlı adı hansı ildə qeydiyyatda görünərsə, “Azəriqaz” da o zaman Dövlət Proqramı çərçivəsində həmin prosedurları həyata keçirəcək”.

Qurum rəsmisi onu da əlavə edib ki, Şabanlı kəndi isə qazlaşdırılmış yaşayış məntəqələri siyahısındadır:

“Bu kənddə qaz xətləri çəkilib. Ola bilər ki, kəndin genişləndirilmiş ərazisində sonradan tikilən evlərdən söhbət gedir. Həmin evlər fərdi qaydada “ASAN xidmət” mərkəzlərinə müraciət edərək, müvafiq qaydada mənzillərin qazlaşdırılma prosesini həyata keçirə bilərlər.

Konkret olaraq həmin yaşayış evləri bir xətt üzrə, eyni küçədə 10-15 ev yerləşərsə, o halda əsas qaz xəttindən həmin küçənin qazlaşdırılması məsələsinə baxıla bilər. Çünki bu xətlər qazlaşdırılma prosesinin böyük hissəsini əhatə edir. Əgər ərazidə belə bir xəttin çəkilməsi üçün imkanlar olarsa, o halda bu prosesə baxıla bilər. Küçəyə qaz xətti çəkildikdən sonra vətəndaş “ASAN xidmət”ə müraciət edərək bu problemini həll edə bilər”.