40 illik su anbarı qəzalı vəziyyətdən çıxarılır – FOTO/VİDEO

0
80

Ölkənin ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” SES-in su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər davam etdirilir.

“Azərenerji” ASC-dən verilən məlumatda bildirilir ki, su anbarı qəzalı vəziyyətdən çıxarılır.

Qeyd edilib ki, 40 il əvvəl tikilən qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb. Ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Hazırda qurğunun giriş başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama, təmir işləri aparılır və işin 90 faizi görülüb. İşlərin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub.  

Bununla yanaşı “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb. Planlaşdırılan işlər çərçivəsində su elektrik stansiyasının açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması nəzərdə tutulub.