Vətən müharibəsində dörd güllə yarası alan qəhrəman qazimiz – FOTO

0
256

Azərbaycan hərbçiləri 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq sərgilədilər. Əsgər və zabitlərimiz bununla da ordumuzun gücünü, qələbə əzmini bir daha düşmənə sübut etdilər. Hərb tariximizə salnamə yazan ordumuzun qəhrəman əsgərlərindən biri də Balakən rayonundan olan Məhəmməd Qalakiyevdir.

Qalakiyev Məhəmməd Cavad oğlu 2001-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olub. Orta təhsilini kənd məktəbində bitirdikdən sonra 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb və ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə qatılıb. Füzuli istiqamətində gedən ağır döyüşlərdə iştirak edən Məhəmməd bir sıra əməliyyatlarda şəxsi şücaətləri ilə seçilib, buna görə də əsgər yoldaşları arasında hörmət qazanıb.

Onun ilk uğurlu döyüşü Füzulinin Alxanlı kəndində olub. Alxanlı istiqamətində döyüş yoldaşları ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirib. Onun canlı qüvvəsini məhv edib. Lakin ağır yaralandığı üçün döyüşləri yarımçıq qoymaq məcburiyyətində qalıb.

Məhəmməd dörd güllə yarası alıb. Güllələrdən ikisi cərrahi əməliyyatla çıxarılıb. Xəstəxanada müalicə aldığı üç ay müddətində dövlət tərəfindən qayğı ilə əhatə olunan Məhəmmədin bədənində qalan digər iki güllənin çıxarılması üçün növbəti dəfə cərrahi əməliyyat nəzərdə tutulur.

Qazimiz deyir ki, yaralı olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə hər zaman hazırdır. Qazimizin valideynləri övladları ilə fəxr etdiklərini bildirirlər.