Rusiya Ağdama buna görə o generalı göndərdi – Suriyada döyüşən Viktor Fedorenko kimdir?

0
125

Artıq məlum olduğu kimi yanvarın 30-da Ağdamın işğaldan azad olunmuş Mərzili kəndi yaxınlığında Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı olub. Monitorinq Mərkəzinin Türkiyədən olan şəxsi heyətinə general-mayor Abdullah Katırcı, Rusiyadan olan şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.General-mayor Viktor Fedorenkonun tərcümeyi-halı, keçdiyi hərbi xidmətlə bağlı əldə edə bildiyi məlumatları təqdim edirik.Bildirək ki, general-mayor V.Fedorenko ilə bağlı açıq mənbələrdə məlumat çox azdır. Onun xidməti fəaliyyətinin əsas hissəsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin 4 hərbi dairəsindən biri olan, qərargahı Rostov-Don şəhərində dislokasiya olunmuş Cənub Hərbi Dairəsi ilə bağlıdır. V.Fedorenko 2011-ci ilin martında polkovnik rütbəsində olarkən Rusiya Prezidenti Dmitri Medvedyevin sərəncamı ilə Cənub Hərbi Dairəsinin Radioelektron Mübarizə Xidmətinin rəisi təyin olunub. Sonra isə eyni vaxtda Cənub Hərbi Dairəsinin qərargah rəisinin müavini vəzifəsini icra etməyə başlayıb. V.Fedorenko xidmət rəisi vəzifəsini düz 10 il tutub.

Rusiyalı general-mayor Suriya müharibəsinin iştirakçısıdır. Onun 2018-ci ildə Rusiya Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Rostov-Donda yerləşən Cənub Federal Universitetinin hərbi kafedrasının tələbələri üçün söylədiyi xüsusi mühazirədə səsləndirdiyi fikirlər diqqət çəkir. Cənub Hərbi Dairəsinin rəhbərliyinin iştirak etdiyi mühazirə zamanı kursantlara hərbi işlər barədə məlumat verilib, xüsusi vurğu Suriyadakı hadisələrə edilib. General-mayor Viktor Fedorenko Hələb şəhərinin azad olunması ilə bağlı xatirələrini gənclərlə bölüşüb.

O deyib:

“Orada gecə-gündüz yoxdur, ancaq sutkalıq və gündəlik müxtəlif fəaliyyətlərin həyata keçirilməsi – mülki insanların və şəhərlərin azad edilməsi var. Bütün bunlar normal dinc mövcudluq üçün vacibdir. Yaxın gələcəkdə bu ərazidə situasiya tamamilə nizamlanacaq. Rusiya Suriya xalqına kömək edəcək”.

Göründüyü kimi, Rusiya hərbi isteblişmenti Azərbaycanla Ermənistan arasında aktiv döyüş əməliyyatlarının təzəlikcə başa çatdığı ərazidə xidmət etməyə təcrübəli, peşəkar, döyüş görmüş hərbçi göndərib. Üstəlik Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin iş prinsipləri də V.Fedorenkonun əvvəl daşıdığı vəzifənin xüsusiyyətlərinə uyğundur. Belə ki, Birgə Monitorinq Mərkəzi Azərbaycanla Ermənistan arasında mövcud olan atəşkəs rejiminin pozulub-pozulmadığını müxtəlif texniki metodlardan istifadə edərək yoxlayacaq.

Sirr deyil ki, bu prosesdə əsas iş pilotsuz uçuş aparatlarının və digər hava müşahidə vasitələrinin üzərinə düşəcək. Birgə Monitorinq Mərkəzində həm Türkiyədən, həm də Rusiyadan ümumilikdə 120 hərbçinin iştirak etməsi də o qədər də kiçik olmayan ərazinin müşahidəsində əsas ağırlığın havadan müşahidə vasitələrinin üzərinə düşəcəyini söyləməyə əsas verir. General-mayor Viktor Fedorenko isə sırf bu istiqamət üzrə ixtisaslaşıb. Beləliklə, Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfindən olan şəxsi heyətinə rəhbərlik edən hərbi qulluqçunun təsadüfən müəyyənləşdirilmədiyi aydın olur.

P.S. General-mayor V.Fedorenko təqdim olunan fotoda yanvarın 30-da müdafiə naziri Zakir Həsənovla görüşdə Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fominin solunda əyləşmiş şəxsdir.