Paytaxtda qaz təchizatı ilə bağlı problem olan ərazilər açıqlandı

0
304

“Azəriqaz” İstehsalat Birliyi (İB) qaz təchizatı ilə bağlı məsələyə xüsusi diqqət ayırıb. Əsasən də Bakı şəhəri ərazisində hazırda qaz təzyiqi ilə bağlı məsələlər demək olar ki, həllini tapıb.

Bu barədə açıqlamasında “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib. Onun sözlərinə görə, bəzi kiçik çətinliklər var ki, onlar da araşdırılır:

“Bu çətinliklər vətəndaşların qaz təchizatı ilə bağlı fərdi problemlərindən irəli gəlir. Bakı şəhərində Xətai və Nizami rayonları ərazisində gündüz qeydə alınan təzyiqlə bağlı problemlər artıq yoluna qoyulur. Binə və Masazır qəsəbələrində olan problem də qısa zamanda həll olunacaq. Bəzi ərazilərdə isə müəyyən problemlərlə rastlaşırıq.

Məsələn Nobel prospektində iki binanın qaz təchizatında problem yaranıb. Qəribə problemdir: qaz xəttindən su gəlir. Əməkdaşlarımız bu məsələni araşdırır. Ümumiyyətlə qaz təchizatı ilə bağlı problemlərin əksəriyyəti qurumdan asılı olmayan səbəblərdən qaz xətlərinin zədələnməsi səbəbindən baş verir. Bu məsələlər araşdırılır və qısa zamanda problemlərin həll olunması istiqamətində addımlar atılır. Bir daha qeyd edim ki, binaların qazanxanalarına qaz təchizatının verilişində bizim tərəfimizdən heç bir problem yoxdur”.