Pənahəli xanın sarayı erməni vandalizminə məruz qalıb – FOTO

0
70

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib, bəziləri isə erməniləşdirilib.

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq nümunəsi olan tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir.

XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. 

İşğal edilən ərazilərdəki məscidlər, məzarlıqlar kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Xan sarayı yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vandalizminə məruz qalıb. Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın türbələri və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də burada yerləşir. Erməni vandalları İbrahimxəlil xanın türbəsini və Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdıblar.

Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə barbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.