Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

0
90

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda növbəti  iclası  keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Komitənin sədri Tahir Mirkişili qeyd edib ki, gündəliyə dörd məsələ daxil edilib.

Öncə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) məsələni təqdim edən komitə sədri  bildirib ki, qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri təkliflərin bir çoxu nəzərə alınıb.

Onlayn iclasda aparılan müzakirədə deputatlar qanun layihəsinin ikinci oxunuş üçün hazırlanmış variantında buğdanın idxalı və satışının,  həmçinin buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 5 ildən 7 ilədək uzadılmasını (2017-ci il yanvarın 1-dən etibarən), eləcə də kəpəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddətinin 3 ildən 5 ilədək (2019-cu il martın 1-dən etibarən) uzadılmasını, qəlyan üçün hazırlanan tütünlərin aksiz vergilərinə cəlb edilməsini, həmçinin elektron siqaretlər üçün mayeyə tətbiq olunan aksiz vergisinin hər litr üçün 100 manat olmasını (birinci oxunuşda hər litr üçün 220 manat idi) nəzərdə tutan dəyişikliklərə müsbət münasibət bildiriblər. 

Sonra “İşsizlikdən sığorta haqqında” Qanunda edilən dəyişikliklə bağlı (İkinci oxunuş) məlumat verilib ki, təklif olunan dəyişikliyə əsasən, sığorta ödənişinin təyinatı zamanı vətəndaş-məmur təması, habelə sığortaolunan və sığortaedən tərəfindən müxtəlif sənədlərin təqdim edilməsi zərurəti aradan qaldırılır.

Komitə sədri bildirib ki, “Dövlət rüsumu haqqında” Qanunda edilən  dəyişikliyə (ikinci oxunuş) görə, layihədə göstərilən bir sıra hallarda notariat hərəkətləri ilə əlaqədar xidmətə görə haqq tutulmayacaq.

İclasda deputatların nəzərinə çatdırılıb ki, “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” Qanunda edilən dəyişiklik (birinci oxunuş) Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il – 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir. 

Onlayn iclasda gündəlikdəki qanun layihələri ətraflı müzakirə olunub.  Deputatlar Ziyad Səmədzadə, Əli Məsimli, Vahid Əhmədov, Vüqar Bayramov, Anar Məmmədov, Mahir Abbaszadə, Rüfət Quliyev, İqbal Məmmədov, Ağalar Vəliyev, Elnur Allahverdiyev, Məzahir Əfəndiyev, Anar Məmmədov rəy və təkliflərini bildiriblər.

Fikir mübadiləsinin yekununda komitədə baxılan bütün layihələr Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.