İnşası 36 il davam edən, 2 min qapısı olan və gizli keçidlərlə dolu sirli malikanə – FOTO

0
105

Malikanə kənardan çox gözəl görünsə də içərisi faciə və müəmma ilə doludur. Sarah Vinçester adlı qadının evi olan bu möhtəşəm malikanənin 36 illik inşaatına baxmayaraq, sirrini heç vaxt itirməyib. Əksinə, bu ev haqqında hər gün daha çox sual ortaya çıxır. Vinçester malikanəsi yer üzündə ən sirli yerlərdən birinə çevrilməsinin səbəbi də budur.

Dünyanın ən maraqlı və sirli məkanlarından biri sayılan Vinçester malikanəsi haqqında maraqlı məlumatları təqdim edirik.

Sarah Vinçester 1839-cu ildə New Havendə dünyaya gəlib. O dövrdə adı Sarah Pardee olan Sarah Vinçester musiqi baxımından istedadlı idi və xarici dildə səlis danışa bilirdi. Bundan əlavə böyüdükcə çox gözəl bir qadına çevrildi. Yaşadığı qəsəbənin ən gözəl qadınlarından biri idi. Uilyam Virt Vinçester də New Havendə böyüyüb. Uilyamın atası “Repeater” silahını istehsal edən bir şirkət satın alıb və burada vinçester tüfəngini istehsal edib. Atası öldükdən sonra Uilyam şirkəti idarə etməyə başlayıb. Sarah və Uilyam bir-birini sevib və 1862-ci ildə evləniblər.



Lakin bir müddət sonra Sarah faciələrlə üzləşib. Həyat yoldaşını və körpə övladını itirən Sarah bir anda milyoner olsa da bu durum onu xoşbəxt etməyib.

Sarah ilk öncə övladını 1866-cı ildə “maraşmus” adlı bir xəstəlik ucbatından itirib. Maraşmus xəstəliyi inkişaf etməkdə olan dünyada ən çox bir yaşına qədər körpələrdə görülən qida çatışmazlığı növüdür. Sarah körpəsinin ölümündən sonra özünə gələ bilmədi. Bu durumun düzəlməsi illər çəkdi. Ancaq bu dəfə başqa bir faciə ilə üzləşib. 7 mart 1881-ci ildə onun həyat yoldaşı Uilyam Vinçester ağciyər vərəmindən ölüb.



Uilyam Vinçester öldükdən sonra Sarah 20 milyon dollarlıq sərvətlə və şirkətin 48.9 faiz hissəsinə sahib olub. Sarah gündə 1000 dollar qazanırdı. Ancaq sahib olduğu pul və sərvət onu xoşbəxt edə bilmirdi. Çünki Sarah sadəcə qızını və ərini geri istəyirdi. Buna görə də çox zaman depressiyalı bir insan olub.

1884-cü ildə Santa Klara vadisində yarımçıq bir malikanə alıb onu 7 mərtəbəli bir malikanəyə çevirdi. Bu yer bu gün Vinçester Köşkü olaraq bilinir.



Sarah Vinçesterin bu evi niyə aldığı və daim təmir etdiyi barədə bir çox fərqli nəzəriyyələr var. Ancaq bu nəzəriyyələrdən ikisi olduqca populyardır.

Birincisi, Saranın ərinin ölümündən sonra köçmək və yeni bir hobbi axtardığını düşünərək bu evi satın aldığını və təmir etdiyini göstərir.

İkinci nəzəriyyə isə ən çox yayılmış və maraqlıdır.

İddialara görə, Saraha bir ekstrasens bunları deyib: “Yeni bir həyat qurmalı və ərinizin yaratdığı vinçester silahı ilə ölən ruhlar üçün bir ev tikməlisiniz. Ancaq qurmağı heç vaxt dayandırmamalısınız. İnşa etməyə davam etsəniz yaşayacaqsınız, dayandırsanız öləcəksiniz”.



Sarahın aldığı bu malikanə 162 hektar ərazidə yerləşirdi. Sonralar Vinçester köşkü olaraq bilinən bu 160 otaqlı yer Sarah tərəfindən götürüləndə yalnız 8 otaq var idi. Sarah bu evin inşası üçün bütün planlara və rəsmlərə məhəl qoymadan kompleks bir malikanə tikmək istədi. Bu tikinti təxminən 36 il dayanmadan davam etdi. Bu malikanənin inşasında işləyən komandada daimi olaraq 22 dülgər, 18 xidmətçi, 12 bağban və yüzlərcə fəhlə çalışıb.

Hər il minlərcə turistin görmək üçün gəldiyi bu ev 10 000 pəncərəsi olan və onlardan 52 ədədinin sırf səmanı izləmək üçün nəzərdə tutulduğu qəribə memarlıq üslubuna sahib tikilidir. 2000 qapı, 40 pilləkən, 40 yataq otağı, 6 mətbəx və 3 lifti özündə birləşdirən bu “ev” ümumilikdə 160 otaqdan ibarətdir.



Malikanədə diqqət çəkən ilk şey onun ölçüsüdür. Ancaq bu yer haqqında bir çox maraqlı şey var. Məsələn, bu malikanənin 2 mindən çox qapı olsa da, əksəriyyəti yüksək boşluqlara və ya divarlara açılır. Yəni bu evdəki səhv bir addım ölümə səbəb ola bilər. Bu evdəki sirli şeylərdən biri də pilləkənlərdir. Bu pilləkənlər sizi növbəti mərtəbəyə aparmaq əvəzinə birbaşa tavana apara bilər. Bundan əlavə işığa məruz qalmayan yerlərdə bahalı Tiffany (dekorativ şüşə) pəncərələri var. Ayrıca olaraq onu da qeyd edək ki, bu mülkdə geniş bir gizli keçid şəbəkəsi də var.



Sarah vinçester ruhlardan qaçmaq üçün hər gecə evin fərqli bir otağında yatırdı və bu otaqlara getmək üçün gizli keçidlərdən istifadə edirdi.

1906-cı ildə San Jose-də bir zəlzələ meydana gəldi və vinçesterin bu sirli evi ciddi şəkildə ziyan gördü. Malikanənin təməlinin güclü olması sayəsində bütün ev dağılmadı. Ancaq yuxarıdakı 3-cü mərtəbə zəlzələdən sonra yararsız hala düşdüyü üçün söküldü və bugünkü 4 mərtəbəli halını aldı.

Sarah Vinçesterin 13 rəqəmi ilə bir çox bağlılığı da öz təsdiqini tapıb. Bu səbəbdən Vinçester köşkündəki 13 rəqəmi ilə əlaqəli çox şey var. Nümunə üçün pəncərələrdəki 13 şüşəni göstərmək olar. Əlbəttə, malikanədə bundan daha çox şey var. Ancaq 13 rəqəminin onun üçün niyə bu qədər vacib olduğunu heç kim bilmir.



Sarah 1922-ci ildə öldükdən sonra evindən başqa bütün əmlakı qardaşı oğluna verildi. Qardaşı oğlu istədiyini aldıqdan sonra qalan hissəsini özəl auksionda satdı. İddialara görə, altı yük maşını altı həftə ərzində gündə səkkiz saat işləyərək bütün əşyaları evdən çıxarıb. Sarah vəsiyyətində malikanədən bir kəlmə də söz etməyib.

Qiymətləndirmə mütəxəssisləri evi zəlzələnin vurduğu ziyan, yarımçıq dizaynı və inşaatının qeyri-mümkünlüyü səbəbindən dəyərsiz hesab etdilər. Vinçester Köşkü hərracda yerli bir sərmayəçiyə 135.000 dollardan çox qiymətə satıldı. Daha sonra kiçik biznes sahibləri John və Mayme Brown adlı şəxslərə 10 il icarəyə verilib. Ev 1923-cü ilin fevralında ictimaiyyətə təqdim edilib və Mayme Brown ilk tur bələdçisi olaraq xidmət edib.



Ayrıca olaraq Vinçester Köşkü haqqında bir film də çəkilib. Hollivud tərəfindən hazırlanmış qorxu filmi 2018-ci ildə çıxıb. Film bioqrafiya və dəhşət sevənlər tərəfindən yüksək qiymətləndirilib. Filmdə Helen Mirren və Jason Clarke kimi məşhur aktyorlar yer alıb.