İlham Əliyev: “Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi”

0
367

“Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımıdır, cinayətdir”.

Bunu mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib:

“Onlardan 106-sı qadın, 63-ü uşaq idi. Bu soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu tərəfindən məhv edilib. Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi. Ermənistan faşizmi o vaxt baş qaldırdı. 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurub. Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərin, kəndlərin atəşə tutulması, eyni zamanda İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə şəhərlərin bombalanması erməni faşizminin təzahürüdür”.

İ.Əliyev qeyd edib ki, Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır:

“Ondan çox ölkə bu hadisəni soyqırımı kimi təsdiq edib. Bu proses davam edir. Bu gün dünyada Xocalı soyqırımı haqqında dolğun məlumat var”.