“Dostluq” yatağı niyə dostcasına bölünməyib?

0
286

“Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisə təqdim edilib. 

Sənəd fevralın 18-də Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində müzakirə edilib.  Bildirildiyinə görə, layihəyə əsasən, “Dostluq” yatağının karbohidrogen resurslarının 30 faizi Azərbaycana, 70 faizi isə Türkmənistana düşür.

30 ilə yaxındır iki ölkə arasında mübahisə predmeti olan bu yatağın belə bölgüsü nə dərəcədə düz və nə dərəcədə dostcasınadır?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə “Turan” agentliyinə deyib ki, Azərbaycanla Türkmənistan arasında imzalanmış sənəd, hələlik, memorandumdur: “Pay bölgüsü müvafiq kontrakt imzalananda müəyyənləşəcək. Hələlik, təxminən 30 faizi Azərbaycandadır və təbii olaraq, bu pay bölgüsü də yatırımı nəzərdə tutur. Hər zaman pay bölgüsünə uyğun olaraq, yatırım da eyni miqdarda olur. Kimin nə qədər yatırıma imkanı varsa, kim işlərin daha böyük həcmini üzərinə götürübsə, təbii ki, pay bölgüsü də ona uyğun aparılır. Amma bütün bu məsələlər kontrakt imzalananda daha dəqiq olacaq, hər bir istiqamətdə dəyişiklik ola bilər”.

Deputatın fikrincə, imzalanmış memorandum böyük əhəmiyyət kəsb edir: “Azərbaycan bu razılaşmadan sonra Orta Asiyanın Avropa ilə enerji məsələlərində aktiv rol oynayacaq, Xəzərin bütün enerji ehtiyatları məhz Azərbaycan vasitəsilə dünyaya çıxacaq. Azərbaycanın nəqliyyat tranzit sistemlərindən istifadə edilməsi bizəəlavə zəruri divident gətirəcək”.

Komitə üzvü qeyd edib ki, uzun illərdir hamının gözlədiyi layihə üçün yaşıl işıq yanıb: “Artıq bizim region Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayacaq. Bu, Azərbaycanın həyata keçirdiyi bütün layihələr üçün yeni və ciddi dəstəkdir. Buna sadəcə adi bir layihə kimi baxmaq kifayət eləmir”.