Bir kənddə iki cəbhə: müharibə veteranları və bələdiyyə sədrinin qardaşları üz-üzə – TORPAQ DAVASI (VİDEO)

0
56

Şəmkirin Ağlavaşlı kəndində bir qrup müharibə veteranı bələdiyyə sədrinin bələdiyyənin mülkiyyətində olan torpaqları mənimsədiyini iddia edir. Şikayətçilər açıqlamalarında deyiblər ki, bələdiyyə sədri Elşən Mehdiyev bələdiyyənin mülkiyyətində olan 700 hektardan çox torpaq sahəsində istədiyi kimi bölgü aparır.

Birinci Qarabağ müharibəsi veteranı Yalçın Rzayev söyləyir ki, bələdiyyə sədri pul müqabilində alqı-satqı edir: “Dəfələrlə Mehdiyev Elşənə müraciət etdik, məktub göndərdik. İcarəyə torpaq istədik. Çünki dolana bilmirik. Biz əkin-biçin adamıyıq, dolanışığımız torpaqdan çıxır. Əkinə yararlı torpaq sahəsi istəyirik ki, həmin torpağı əkib-biçib ailəmizi dolandıraq. Bələdiyyə sədri isə bizə icarəyə torpaq vermir və ya vermək istəmir. Bizdən icarəyə torpaq almağımız üçün pul istəyir. Sözünün əvvəli də, axırı da puldur”.

Müharibə veteranının iddialarına görə, Elşən Mehdiyev vaxtilə Ağlavaşlı kəndinin torpaqlarının bir qismini islahata getməyə qoymayıb: “İslahatdan gizlətdi. Bələdiyyə sədri üç qardaşı ilə birgə kəndin bələdiyyə torpaqlarını öz aralarında mənimsədi. Özləri üçün fermer təsərrüfatı yaradıblar. Sadə kənd sakininin 50 sot torpağı olduğu halda, bələdiyyə sədri Mehdiyev Elşənin 100, qardaşı Azərin, Lətifin, Xəzərin 100 hektar torpağı var. Onlar bələdiyyə torpaqlarını mənimsəyiblər. Qarabağ müharibəsi veteranlarına isə 2-3 hektar bələdiyyə torpağı vermək istəmirlər”.

Birinci Qarabağ müharibəsi veteranı Naib Həsənov isə bildirir ki, kənd bələdiyyəsinin sərəncamında olan torpaqlardan icarəyə götürmək üçün dəfələrlə Elşən Mehdiyevə müraciət edib. Müharibə veteranının iddiasına görə, kəndin bələdiyyə sədri ondan 3000-5000 manat pul tələb edib: “Ən sonda bələdiyyə sədri mənə dedi ki, əkinə yararlı torpaq sahəsinin icarəyə verilməsinin qiyməti 3-5 min manatdır. Bizdə ona dedik ki, müəllim, bizim o qədər maddi imkanımız olsa, özümüzə şəxsi pay torpağı alarıq. Deyir ki, bələdiyyə sədri postunda 5 il oturmaq üçün 30-40 min manat pul verirəm, mən bu pulu kimdən almalıyam. Mənə dedi ki, hara gedib şikayət edirsinizsə, edin”.

Naib Həsənovun sözlərinə görə, 1992-ci ildən Qarabağ müharibəsində döyüşüb, müharibə veteranıdır: “Özüm şəxsi şücaətimlə fərqlənmişəm. Hətta 1992-ci ildə Murovdağda düşmən təyyarəsinin vurulmasında şücaət göstərmişəm. Amma gördüyünüz kimi evim, evimin qarşısındakı işıq dirəkləri da yararsız haldadır, həmçinin qaz xətti də. İnternet xətti isə yoxdur. Özüm 80 manat veteran pulu alıram, fəhlə işləyirəm. Kənddə isə çox az torpaq sahəm var. Kənd bələdiyyəsinə şikayət etməyimizə baxmayaraq, müharibə veteranlarının torpaq məsələsi həll olunmayıb”.

Yalçın Rzayev deyir ki, Ağlavaşlı bələdiyyəsinin sədri və qardaşları kəndin bələdiyyə torpaqlarında özləri üçün istixana yaradıblar: “İstixanalardan gəlir əldə edirlər. Amma kəndin 8 müharibə veteranına 2-3 hektar bələdiyyə torpağı ayırmaq istəmirlər. Onların isə üzüm və meyvə bağları var. Yüzlərlə hektar torpağı mənimsəyiblər. Bələdiyyədən əkib-becərmək üçün torpaq istəyəndə isə deyirlər ki, boş torpaq sahəsi yoxdur. Qanunsuz olaraq mənimsəyiblər”.

Şikayətçilər söyləyirlər ki, dəfələrlə aidiyyəti orqanlara, eləcə də Şəmkir rayonunun icra başçısı Alimpaşa Məmmədova şikayət ediblər. Ancaq müraciətləri ilə maraqlanan olmayıb.

Yalçın Rzayevin sözlərinə görə, müraciətlərinin qarşılığında bələdiyyə sədrinin qardaşı onunla kobud şəkildə danışıb. Onu müharibə veteranı yox, vətən xaini olmaqda ittiham edib: “Bələdiyyə sədrinin qardaşı Mehdiyev Azər deyir ki, sən Qarabağ veteranı olmursan, kim olursan ol, biz torpağı pulla satırıq. Özü də deyir ki, sən Qarabağ müharibə veteranı deyilsən, vətən xainisən. Məni təhqir edib söyləyir ki, torpaqları satanın biri də sənsən. Mən necə vətən xainiyəm ki, veteran vəsiqəm, ordenim, medalım var. 1992-96-cı illərdə orduda xidmət etmişəm. Kiçik çavuş olmuşam, indi uğrunda can qoyduğum torpaqdan 2-3 hektar icarəyə götürə bilmirəm”.

Şikayətçilər iddia edirlər ki, uzun müddətdir bələdiyyə sədri kəndin problemləri ilə də maraqlanmayıb. Kəndin yolları 30-35 ildir asfaltlanmayıb. İşıq dirəkləri isə qəzalı vəziyyətdədir: “Otuz ildir bələdiyyə sədri olan Elşən Mehdiyevə dəfələrlə müraciət etmişik ki, işıq dirəklərimiz, transformatorumuz qəzalı vəziyyətdədir, naqillər də həmçinin. Külək əsəndə işıqlarımız keçir. Qəza şəraiti yaranır. Gəncədən kəndə gələn taksi 10 manatlıq yolu 20 manata gəlir. Çünki yollarımız bərbad gündədir”.

Qarabağ müharibəsi veteranı Naib Həsənov söyləyir ki, onun evinin qarşısındakı işıq dirəyi də qəzalı vəziyyətdədir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, bir nəticə hasil olmayıb.

Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, 7-8 nəfər Ağlavaşlı kənd sakini bələdiyyə torpağından icarə götürməklə bağlı adıçəkilən quruma müraciət edib. İcra Hakimiyyətinin nümayəndələri məsələnin həlli ilə bağlı ən son gəlişmələri öyrənmək üçün bizi haqqında ittihamlar səsləndirilən bələdiyyə sədri Elşən Mehdiyevə istiqamətləndirdilər.

Şəmkirin Ağlavaşlı bələdiyyəsinin sədri Elşən Mehdiyevlə əlaqə saxladıqda o, barəsində səsləndirilən fikirlərin böhtan olduğunu bildirdi: “Doğrudur, onlar mənə ərizə ilə bağlı 2020-ci ilin yanvarında müraciət ediblər. Görüşüb söhbət etmişik. Sonra 29 yanvarda qərar qəbul olundu və 14,77 hektar torpaq sahəsində bələdiyyə mülkiyyətini təsdiq edən torpaq sahəsinin hərraca çıxarılması və sənəd alınması üçün… Sənədləri də aidiyyəti üzrə yolladıq. Bu günə qədər hələ də biz mülkiyyət hüququnu təsdiq edən sənəd ala bilməmişik. Səbəb isə pandemiya ilə bağlıdır. Müəyyən gecikmələr oldu, dedilər ki, karantin günlərində işləyə bilmədik. Bizə bildirilib ki, yaxın müddətdə çıxarışlar veriləcək. Bundan sonra həmin çıxarışları biz müsabiqəyə, hərraca göndərəcəyik. Onlara da hərracda iştirak etmələri üçün xəbər veriləcək. Kim qalib olacaqsa, torpaq sahəsini də götürsün. Bu gün bələdiyyə qurum olaraq təkbaşına torpaq sahəsi ayırıb müqavilə bağlaya bilmir. Ancaq müsabiqə yolu ilə bu kimi məsələlər həll edilir. İyun ayından sənədləri göndərmişik, bu günə kimi çıxarışları ala bilməmişik.

Onların pul söhbəti də boş şeydir, şərdir, böhtandır. Onların bu iddiasını dəfələrlə yoxlayıblar, prokurorluq da bu məsələni araşdırıb. Hərəmizin 100 hektar torpağı varsa, onda bu kənddə torpaq qalmaz, böhtandır. Bu kənddə 400 hektar torpaq haradadır?! Bəzi yerdə 2500, bəzi yerdə 3000 deyirlər, heç özləri də bilmir ki, nə danışırlar. Bu, böhtandır, qərəzlidir. Mən onlardan pul tələb etmişəmsə dövlətimizin gözəl qanunları var, aidiyyəti orqanlara müraciət edərdilər. Deyəydilər ki, bələdiyyə sədri bizdən rüşvət alıb. Məni də həbs edərdilər, çıxıb gedərdim. Vallah, böhtandır. Prokurorluq orqanları da araşdırdı, amma öz əsasını tapmadı. Yalandan sözü bir yerə qoyublar, mən heç kimdən pul istəməmişəm. Torpaq sahəsini icarəyə vermək mənim səlahiyyətim daxilində deyil. Sadəcə olaraq, biz sənədlərimizi alandan sonra çıxaracağıq hərraca, onların da hər birinə məlumat veriləcək ki, gedib hərracda iştirak etsinlər. Yəni, hərracda qalib olun və mülkiyyət sahibi hüququnu alın. Məsələ bu cürdür”.