Baş həkimdən ÇAĞIRIŞ: “Sinovac”dan qorxmayın

0
75

“Poliklinikamızda vaksinasiya uğurla davam edir. Bu saata qədər artıq 27 nəfərə vaksin vurulub. Sahə həkimlərimiz 50-64 və 65 yaşdan yuxarı sakinlərə hər gün zəng edirlər, onları vaksinasiyaya dəvət edirlər”.

Bunu açıqlamasında 10 saylı Şəhər Poliklinikasının baş həkimi əvəzi Gülnarə Qarayeva vaksinasiya prosesindən və aparılan maarifləndirmə işlərindən danışarkən deyib. Həkim qeyd edib ki, sahə həkimləri xüsusi risk qrupunda olanları vaksinasiyaya dəvət etmək üçün prosesə qoşulublar:

“Hər gün evlərə zəng edərək hər iki yaş qrupundan olan vətəndaşları poliklinikaya dəvət edirlər. Təkcə dünən 134 nəfər vaksin vurdurub. Hər günün statistikasını aidiyyəti üzrə çıxarıb göndəririk. Bundan başqa, ikinci doza üçün gələnlər də var. Yəni, artıq poliklinikamızda ikinci – revaksinasiya mərhələsi də başlayıb. Təbii ki, peyvənddən qorxanlar da olur, sahə və məntəqə həkimlərimiz onlara hər şeyi izah edir. Sizin vasitənizlə insanlara çağırış edirəm ki, vaksindən qorxmaq lazım deyil. Peyvənd onların sağlamlığı üçündür. Peyvənd vurduranlar da özləri buna şahiddirlər. Çünki “Sinovac” vaksini vurulandan yarım saat sonra həkim nəzarətində olurlar. Heç bir ağırlaşma halı baş vermir. Bir sözlə, bizim poliklinikada vaksinasiya ilə bağlı hər şey normaldır”.