Bərdə bazarında istifadə müddəti bitmiş məhsullar aşkar edildi

0
92

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “BƏRDƏ TİCARƏT” ASC-yə məxsus ərzaq məhsullarının topdan və pərakəndə satışı bazarında yoxlama keçirib.

AQTA-dan verilən məlumata görə, yoxlama zamanı bazarda satışa çıxarılan heyvan mənşəli məhsulların və onlardan emal olunmuş məhsullara dair müvafiq müşayiətedici sənədlərin olmadığı, baytarlıq ekspertizasından keçmədən satışa çıxarıldığı, o cümlədən realizasiya edilmiş turşular da daxil olmaqla sözügedən məhsulların mənşəyinin məlum olmadığı, satışa çıxarılan balıqların birbaşa asfalt örtüyü üzərinə yığıldığı, həmçinin qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələblərinə əməl edilmədiyi məlum olub.

Ərzaq satışı müəssisəsində yararlılıq müddəti bitmiş qida məhsulları agentliyin əməkdaşları tərəfindən satışdan çıxarılaraq məhv edilib. Bununla yanaşı, bazarda çalışan işçilərin, xüsusilə də qida məhsulları ilə təmasda olan şəxslərin sanitar geyimlərdən istifadə etmədiyi, habelə ilkin və dövri olaraq tibbi müayinələrdən keçmədiyi aşkar edilib.

Satışa çıxarılmış mənşəyi məlum olmayan nehrə yağından nümunələr götürülərək müayinələrinin aparılması üçün AQTA-nın müvafiq laboratoriyasına təqdim edilib. Aşkar olunmuş faktlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Araşdırmalar davam etdirilir.