Ağcaqanad və digər böcəklərin sancması İİV-ə yoluxdura bilərmi? – AÇIQLAMA

0
298

İİV (İnsanın İmmunçatışmazlığı Virusu) xəstəliyinə yoluxmanın cəmi üç yolu var: cinsi yolla, parenteral və İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə zamanı.

Bu sözləri Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor vəzifəsini icra edən Esmira Alməmmədova deyib.

E.Alməmmədova bildirib ki, insanlar çox zaman bu mövzuda yanlış düşünə bilirlər:

“İİV gündəlik məişət təmaslarıyla, eyni otaqda olma, eyni məktəbdə oxuma, eyni havada nəfəs almaq kimi yollarla yoluxmaz. İIV sağlam dəridən keçməz. Bundan əlavə, əl sıxma, dəriyə toxunma, qucaqlaşma, tüpürcək, göz yaşı, tər, asqırıq, öskürək, sidik, nəcis, duş, üzmə hovuzu, dəniz, sauna, hamam, ağcaqanad və digər böcəklərin sancması yolları ilə İİV-ə yoluxma mümkün deyil”.

Həkim əlavə edib ki, İİV-ə yoluxmuş insanla homo və heteroseksual kontaktda olduqda, xüsusən təsadüfi qorunmamış cinsi kontaktlar nəticəsində, yəni cinsi yolla xəstəliyə yoluxmaq mümkündür:

“Eyni zamanda parenteral yolla yəni, İİV tərkibli qan və onun preparatlarının köçürülməsi nəticəsində; İİV-ə yoluxmuş donorun orqanlarının transplantasiyası zamanı, eləcə də İİV-lə çirklənmiş tibbi ləvazimatdan istifadə etməklə, İİV-lə çirklənmiş gigiyenik, kosmetoloji, bərbər və digər məişət ləvazimatlarının istifadəsi o cümlədən inyeksion narkotiklərin istifadəsi nəticəsində də xəstəliyə yoluxa bilərsiniz.

İİV-infeksiyasına yoluxma diaqnozunun təyin edilməsi ilə bağlı sualı isə Esmira Alməmmədova belə cavablandırıb:

“İİV-infeksiyasının xüsusi simptomları olmadığından, İİV-ə yoluxmuş insanın uzun müddət İİV-ə yoluxduğu haqda məlumatı olmur. İİV-in diaqnostikası yalnız laborator müayinələrin aparılması yolu ilə mümkündür. Müasir testlər (ekspress-test) İİV-ə yoluxmanın nəticələrini 15-20 dəqiqə ərzində əldə etmək imkanı yaradıb. Qeyd etmək lazımdır ki, İİV-ə müayinələr pulsuz və tam anonimdir”.