21 fevral – Akademik Ziya Bünyadovun MÜƏMMALI QƏTLİ

0
61

21 fevral tarixi Azərbaycan məşhur şərqşünas alimi, tarixçi, akademik, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı və əməkdar elm xadimi Ziya Bünayodovun qətl günüdür.

Ziya Bünyadov 21 fevral 1997-ci il tarixində Bakıda – yaşadığı binanın qarşısında amansızlıqla qətlə yetirilib.

Akademik Z.Bünyadov 1923-cü il dekabrın 21-də Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub.

Orta məktəb illərini Göyçayda keçirib. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya yollanıb. Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edərək S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirib. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirib.

O, İkinci Dünya Müharibəsi zamanı Ukrayna, Mozdok və Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal iştirak edib.

Onun qəhrəmanlığından:

Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxanadək qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı. Rota düşmənin 160 əsgər və zabitini öldürmüş, 45 əsgərini əsir götürmüş, 5 ədəd altılüləli minamyot, 3 top, çoxlu sayda avtomat, tüfəng, sursat, ərzaq və başqa qənimətlər ələ keçirmişdi..”.

1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Müharibə başa çatdıqdan sonra Bünyadov 1945-ci ilin mayından 1946-cı ilin mayınadək Berlinin ən nüfuzlu rayonu – Pankovda komendantın köməkçisi vəzifəsində işləyib. Berlinin təsərrüfat və mədəniyyət həyatının bərpası və normallaşdırılması sahəsində fəal iştirakına görə o, “Artur Bekker” və “Vaffenbruderşaft” qızıl medalları ilə təltif olunub.

Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib. 1954-cü ilin may ayında “İtaliya İmperializmi Afrikada” namizədlik dissertasiyasını müdafiə edib, həmin ilin avqustunda Bakıya qayıdaraq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib.

1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim işləyib. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitutunda “Orta əsirlər tarixi” şöbəsinin rəhbəri olub. 1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi alıb, 1965-ci ildə isə onun eyniadlı monoqrafiyası çap olunub.

1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, 21 aprel 1976-cı ildə Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

1980-ci ildə isə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının üzvü olub, elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.

1981-ci ilin aprel ayından isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olunub. O, bu vəzifədə 1986-cı ilə qədər fəaliyyət göstərib. 1982-ci ildə ona “Azərbaycan SSR Əməkdar elm xadimi” fəxri adı verilib. O, 1988-1990-cı illər ərzində Azərbaycan SSR EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib.

Akademik Ziya Bünyadov 1988-ci ildə “Niyə Sumqayıt?” məqaləsi ilə ermənilər tərəfindən törədilən Sumqayıt hadisələrinin əsl mahiyyətini aşkara çıxarmışdı. Həmin məqalədən:

“Erməni millətçiləri Sumqayıt faciəsini dəqiqliklə hazırlamışdılar. Onun başlanmasına bir neçə saat qalmış televiziyanın erməni foto-müxbirləri və çəkiliş qrupu gizlicə şəhərə gəlib, tam hazır vəziyyətdə hadisələrinin inkişafını gözləməyə başladılar. İlk cinayəti Qriqoryan adlı şəxs törətmişdir. Özünü azərbaycanlı kimi qələmə verən Qriqoryan Sumqayıtda beş ermənini öldürdü”.

Z.Bünyadov 1990-cı ildə AMEA-nın vitse-prezidenti seçilib. O, 1991-ci ildə professor Vasim Məmmədəliyevlə birlikdə Quranın Azərbaycan dilinə tərcüməsini başa çatdırıb. Böyük məsuliyyət və zəhmət tələb edən bu işə görə o, Hacı Zeynalabdin Tağıyev adına mükafata layiq görülüb. 1992-ci ildə o, ümumi səsvermə yolu ilə yenidən Şərqşünaslıq İnstitutunun direktoru seçilib.

Bünyadov 1991-ci ildə “Gülüstani-İrəm” əsərini ön söz və şərhlərlə çap etdirib və 1993-cü ildə bu işinə görə Abbasqulu ağa Bakıxanov adına mükafata layiq görülüb.

Ziya Bünyadovun araşdırmalarından biri də orta əsrlərin mütəfəkkir şairi İmadəddin Nəsiminin ölümü ilə bağlıdır. Akademik Nəsiminin edam olunmağı və dərisinin diri-diri soyulmağı barədə məlumatları təkzib edib.

Z.Bünyadov 1997-ci il fevral ayının 21-də yaşadığı binanın qarşısında cinayətkar qrup tərəfindən vəhşicəsinə qətlə yetirilib.

23 fevral 1997-ci il Şəhriyar adına Mədəniyyət Mərkəzində onunla vidalaşma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin vidalaşma mərasimindəki nitqindən:

“Bu qədər dahi, bu qədər ali, bu qədər böyük həyat yolu keçmiş şəxsiyyətə atılan güllə, onun qətlə yetirilməsi bütün Azərbaycana xalqına edilən təcavüzdür, Azərbaycan xalqına atılan güllədir. Çünki Ziya Bünyadov Azərbaycan xalqını ən gözəl təmsil edən şəxsiyyətlərdən biri və o şəxsiyyətlərin içində seçiləni idi”.

Ziya Bünyadov Tahirə Bünyadova ilə ailə həyatı qurub (1947-də) və ömrünün sonuna qədər onunla evli olub. Onların Heydər və Cəmil adlı oğlu var idi.

Ziya Bünyadov Qarabağın erməni işğalında qalması ilə barışa bilmirdi. Mərhum alimin həyat yoldaşı Tahirə Bünyadova onunla bağlı xatirələrində yazırdı:

“…Şuşanın itirilməsi xəbərini eşidəndə Ziyanın gözlərində yaş gördüm:

– Bu əsl satqınlıqdır! Şuşanı heç bir düşmən belə asanlıqla ala bilməzdi – dedi”.

Ziya Bünyadovun İkinci Dünya Müharibəsindəki qəhrəmanlığını 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərləri təkrarladılar.