Sevən, sevindirən səs – Eldost Bayramın ad günüdür

0
198

Gözəl səs, rəvan danışıq tərzi, nitq məharəti, natiqlik mədəniyyəti bir Allah vergisidi. Bu xoşbəxtlik hər kəsə nəsib olmur. Eldost Bayram bəxtəvər sənətkardır ki, xalq arasında, milyonları əhatə edən auditoriyada istedadlı, mahir bir diktor kimi tanınır, sevilir.

Eldost müəllim uşaq yaşlarından sevib-seçdiyi, ürəkdən bağlandığı diktorluq sənətində mənalı, maraqlı bir yol keçib və bu gün də öz sevimli peşəsində yorulmadan çalışır.
Eldost Əlövsət oğlu Bayramov (Eldost Bayram) 1947-ci il yanvarın 25-də Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.
Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə Respublikanın əməkdar artisti, 2016-cı ildə isə xalq artisti fəxri adlarına, 2008-ci ilin noyabrında isə “Tərəqqi” medalına layiq görülüb.
Azərbaycan Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin fonoteka və filmotekasında Eldost Bayramın səsi ilə çoxlu sayda verilişlər saxlanılır.
Eldost Bayramı uğurlara aparan yol heç də asan, hamar olmayıb və bu çətin yollarla sevdiyi, seçdiyi sənətin zirvəsinə doğru inamla irəliləyib.
Sənətkarlığından, istedadından əlavə, Eldost Bayramın böyüklüyü bir də onun son dərəcə təvazökarlığında, sadə və alicənablığındadır. Eldost müəllim öz məlahətli, gözəl səsi ilə obrazlar yaradır, oxuduğu hər bir mətni daxilən yaşayır. O, rəsmi xəbərlərdə nə qədər ciddidirsə, ədəbi-bədii mətnləri səsləndirərkən bir o qədər rəsmi, zərif, incə, həssas və duyğuludur.

Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi, Sabitlik və İnkişaf Mərkəzi, İctimai Nəzarət Koalisiyasının kollektivləri, DAMM-nin fəxri üzvü Eldost Bayramı ad günü münasibəti ilə ürəkdən təbrik edir, səmərəli fəaliyyətində, yaradıcı işində ona uğurlar arzu edir, uzun ömür və can sağlığı diləyirlər.

İctimai Nəzarət Koalisiyasının Mətbuat və İnformasiya xidməti