Şəhid ailələrinə veriləcək mənzillərlə bağlı AÇIQLAMA

0
30

“2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-nə qədər qeydiyyata alınan şəhid ailələri və qazilər barədə siyahılar yerli icra hakimiyyəti orqanlarında var. Bu siyahılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov “Yeni TV”nin canlı yayımında bildirib. 

Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsi zamanı şəhidlər və qazilərimiz oldu ki, onları da uzun müddət gözlətməmək üçün hər iki kontingentin mənzil təminatı proqramı paralel olaraq həyata keçiriləcək:

“Sərəncamın icrasını beş il ərzində yekunlaşdırmaq tapşırığı verilib”.

B.Hüseynov qeyd edib ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər barədə ilkin qiymətləndirilmələr var:

“Bir neçə ay ərzində 2020-ci ildə baş verən müharibədə şəhid olanların ailələrinin və əlillik qazanmış şəxslərin növbəyə durması davam edəcək. Həmin şəxslərin sayı onlar tam növbəyə durandan sonra bilinəcək”.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.