Parlamentin İntizam komissiyası toplandı

0
32

“Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi”nin layihəsi hazırlanıb. Həmin sənədin qarşıdakı yaz sessiyasında təsdiqlənəcəyi gözlənilir.

Parlamentin mətbuat xidmətinin məlumatına əsasən, bunu Milli Məclisin İntizam komissiyasının iclasında komissiya sədri Eldar İbrahimov deyib.

İclasda İntizam komissiyasının ötən il ərzində gördüyü işlər barədə geniş hesabat dinlənildikdən sonra məruzə ətrafında müzakirələr başlanıb.

Komissiyanın sədr müavini Fəzail Ağamalı bu hesabatı Milli Məclisin iş təcrübəsində yenilik adlandırıb.

Qeyd edib ki, İntizam komissiyasının hesabatının dinlənilməsi VI çağırış Milli Məclisdə həyata keçirilən ilklərdən biridir. 

Müzakirə zamanı deputatlar Hikmət Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nəsib Məhəməliyev, Məlahət İbrahimqızı, Nizami Səfərov komissiyanın demokratiya, aşkarlıq və şəffaflıq şəraitində işləməyini, son bir ildəki fəaliyyətini və təqdim olunan hesabatı yüksək qiymətləndiriblər.

Bildirilib ki, bundan sonra da hər bir deputat fəaliyyətində və çıxışlarında məsuliyyət hissini rəhbər tutmalı, Azərbaycanın milli maraqlarına xidmət etməlidir. 

Komissiya üzvlərinin çıxışlarında bir fikir xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixində əbədi olaraq qalacaq.

Müzakirələrin yekununda İntizam komissiyasının hesabatı məqbul sayılıb.