Nazirlər Kabinetindən “Müharibə veteranı” adının verilməsi ilə bağlı QƏRAR

0
93

Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradılıb. 

Baş nazir Əli Əsədovun qərarına əsasən, Komissiyaya Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov rəhbərlik edəcək. Komissiya sədrinin müavini vəzifəsini isə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri icra edəcək.

Komissiyanın üzvlərinin tərkibinə müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, ədliyyə nazirinin müavini, maliyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, səhiyyə nazirinin müavini, dövlət sərhəd xidmətinin rəisinin müavini, dövlət təhlükəsizliyi xidmətinin rəisinin müavini, xarici kəşfiyyat xidməti rəisinin müavini, Azərbaycan Respublikası prezidentinin təhlükəsizlik xidmətinin rəisinin müavini, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rəisinin müavini daxildir.

Komissiyaya Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısının müəyyən edilməsi və müvafiq təkliflərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi barədə tapşırıq verilib. 

Belə ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir.

Bununla bərabər, komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər.