Hava kəskin soyuyur: evlərə verilən istilik artacaqmı?

0
101

Hava şəraitinin yanvarın 19-u axşam saatlarından 21-i axşamadək kəskin dəyişəcəyi ilə bağlı edilən xəbərdarlıqla əlaqədar Azəristiliktəchizat ASC-nin rəhbərliyi gücləndirilmiş iş rejiminə keçilməsi haqda göstəriş verib.

Bu barədə açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O bildirib ki, qazanxana və istilik məntəqələrindən verilən istiliyin temperaturu qrafikə uyğun olacaq:

“Azəristiliktəchizat”ın 558 qazanxanası və 90 istilik məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir. Havanın kəskin dəyişəcəyi günlərdə “Azəristiktəchizat”ın istilik sistemlərində hər hansı xüsusi qəza və ya fövqəladə halın yaranması gözlənilmir. Buna baxmayaraq, rəhbərlik tərəfindən həmin günlərdə də qazanxana və istilik məntəqələrindən yaşayış və sosial obyektlərə verilən istiliyin qrafikə uyğun tənzimlənməsi tapşırılıb, nəqliyyat və mexanizmlərin işlək vəziyyətdə saxlanılması, gecə növbəsində sayın artırılması ilə bağlı göstəriş verilib. Bundan başqa, qazanxana və istilik məntəqələrində, yaxud magistral və məhlədaxili istilik xətlərində, binaların aşağı paylayıcı istilik sistemlərində baş verə biləcək hər hansı qəzanın operativ aradan qaldırılması üçün qəza təmir xidmətinə və ya digər xidmətlərin məsul şəxslərinə öz xidmət sahələrində növbəçilik yaradılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda mərkəzi dispeçer və çağrı mərkəzi həmin günlərdə 24 saat ərzində fasiləsiz rejimdə fəaliyyət göstərəcək. Vətəndaşlar yaranan problemlə bağlı 956 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər”.