“Haber Global”: “Azərbaycan üçün həm hüznün, həm də qəhrəmanlığın tarixi” – VİDEO

0
85

Türkiyənin “Haber Global” telekanalı 20 yanvar hadisələrinin ildönümü ilə bağlı süjet hazırlayıb.

“Azərbaycan üçün həm hüznün, həm də qəhrəmanlığın tarixi: 20 Yanvar Bakı qətliamı” adlı süjetdə xalqımızın 20 yanvar 1990-cı il tarixində öz azadlığı üçün apardığı mübarizədən və Sovet İttifaqının buna qəddarlıqla müdaxiləsindən bəhs edilib.

“Təqvim 20 yanvar 1990-cı ili göstərirdi. Bakıya Sovet tankları girdi. Azərbaycan xalqı sinəsini sipər etdi. Vətənlərini müdafiə etmək üçün silahsız, heç bir müdafiə olmadan tankların qarşısına çıxdılar. Aralarında erməni əsgərlərinin də olduğu o tanklar heç kimi əfv etmədi, qarşısına çıxan hər kəsi əzib Bakıya girdi. Küçələrdə ölüm saçdılar.

Azərbaycan xalqının zülmə boyun əymək niyyəti yox idi. Onlar dirəndi, Moskva qan tökməyə davam etdi. Sovet əsgərləri sadəcə önlərini kəsənləri deyil, canını qurtarmaq istəyənləri də güllələdi. O gecə uşaqlar, qadınlar qətlə yetirildi. Yaralılara köməyə qaçan həkimlərə belə atəş açıldı. Şəhər bir gecədə qan gölünə döndü”, – deyə süjetdə qeyd olunub.

Materialda həmçinin xalqımız üçün ağrılı bir dönəmdə ümummilli lider Heydər Əliyevin Moskvada günahkarların cəzalandırılmasını tələb etdiyi də qeyd olunub.

“Azərbaycan xalqının qanıyla, canıyla verdiyi mübarizə əbəs yerə olmadı. Tanklar bəlkə də o gecə Bakıya girdi, ancaq Sovet İttifaqı Azərbaycanı itirdi”, – deyə bildirilib.