Azərbaycanın beş Milli Qəhrəmanının məzar daşları hazırlandı – YENİLƏNİB

0
243

Hazırlanan məzar daşları Qubadlı rayonundan olan beş Milli Qəhrəmanımıza aiddir.

Bu sözləri açıqlamasında Qubadlı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Azər Qarayev deyib. 

Onun sözlərinə görə, hazırlanan məzar daşları hələ tam hazır deyil:

“Milli Qəhrəmanlarımızın qəbirüstü abidələri hazırlanıb, lakin işlər hələ tam yekunlaşmayıb. Odur ki, biz hər şey tam hazır olduqdan sonra məlumat verməyi planlaşdırırdıq. Hazırlanan qəbirüstü abidələr Qubadlı rayonunda dəfn olunan beş Milli qəhrəmanımıza aiddir. Bildiyiniz kimi, Qubadlı rayonu işğal altında olduğu illərdə düşmənlər həmin məzar daşlarını dağıdıblar. 

Qubadlı rayonunda dəfn olunan Milli Qəhrəmanlarımızdan Əliyev Əliyar Yusif oğlunun qəbirüstü abidəsi Qəzyan kəndində, Əliyev Vasiliy Əhməd oğlunun qəbirüstü abidəsi Qubadlı şəhərində, Məmmədov Aqil Səməd oğlunun qəbirüstü abidəsi Qubadlı şəhərində, Ağayev Bəylər Tapdıq oğlunun qəbirüstün abidəsi Qarağac kəndində, Mirzəyev Kərəm Ərşad oğlunun qəbirüstü abidəsi isə Xanlıq kəndində dəfn olunduğu yerdə məzarının üzərinə qoyulacaq”.

A.Qarayev qəbirüstü abidələrin Qubadlı rayonuna aparılmasını hava şəraiti ilə əlaqələndirib:

“Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov özü də bu proseslərin qısa zamanda həyata keçirilməsinin tərəfdarıdır. Lakin hava şəraiti ilə əlaqədar olaraq, Qubadlıda qəbirüstü abidələrin qoyulması üçün zəruri işlərin görülməsi çətinləşir. Bu səbəbdən də hazırda qəbirüstü abidələr Sumqayıt şəhərindədir”.

10:57

Qubadlıdan olan beş Milli Qəhrəmanın məzar daşı Qubadlı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına hazırlanıb.

Bu barədə  Qubadlı Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, məzar daşları hazırlanmazdan qabaq Milli Qəhrəmanların ailələri ilə razılaşdırılıb:

“Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı öz daxili imkanları hesabına Qubadlı rayonundan olan beş Milli Qəhrəmanımızın məzar daşının hazırlanmasını tapşırıb. Həmin Milli Qəhrəmanlarımızın məzar daşları artıq hazırdır. Ailələri də məzar daşlarına baxıb və razılıqlarını veriblər.

Hələ dəqiq tarix bəlli deyil, lakin qısa zaman ərzində məzar daşlarının Qubadlı rayonunda qoyulması gerçəkləşdiriləcək”.