“Azəriqaz” sərfiyyatı çox hesablamaq üçün mexanizm qurub, ciddi yoxlamalar aparılmalıdır – Deputat

0
85

“Özüm bir müddət İsmayıllı rayonunda oldum. “Qazpulu” qəbzi gəldi. Maraqlandıq, bildirildi ki, hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddi keçilib. Axı hər ilin yanvarında güzəştli limit tətbiq olunur, 1 aya necə keçdi, necə ola bilər axı 20 qəpikdən hesablansın? Bizə cavab verildi ki, göstəriş belədir. Digər şəxslərdən də bizə müraciətlər daxil olur. Mətbuatda yazılanlar da göstərir ki, süni qiymət artımı var. Bu, çox ciddi araşdırılmalıdır. Müvafiq dövlət orqanları yoxlamalar aparmalıdır. Xalqa qarşı bunu etmək olmaz. Vətəndaşa niyə əziyyət verirlər? Bunu edənlər cavab verməlidirlər”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat sayğacların dəyişdirilməsinə də etiraz edib: “Sayğacları tez-tez niyə dəyişirlər ki? Hətta bəzi hallarda deyirlər ki, sayğacı vətəndaş öz vəsaiti hesabına qoysun. Bilirsiniz ki, SOCAR Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın satış qiymətinin artırılmasını təklif etsə də, Şura bunu məqsədəmüvafiq hesab etməyib. Mənə minnət qoydular ki, Milli Məclisdə “qazpulu”, “işıqpulu” məsələsini qaldırırsan, ona görə də Tarif Şurası artımdan imtina etdi. Deyə bilmərəm, çıxışımızın buna nə dərəcədə təsiri var. Fakt odur ki, qiymət artımı olmadı. Görünür, düşünüblər ki, Tarif Şurası təbii qazın qiymətini artırmağa cürət etmədisə, başqa varianta əl atmaq lazımdır. Prinsip budur ki, nəyin bahasına olursa-olsun vətəndaşdan pulu artıq almaq lazımdır. Süni qiymət artımı, sayğac dəyişdirilmələri bununla bağlıdır. Sərfiyyatı daha çox hesablamaq üçün mexanizm qurublar”.