25 yanvar və 5 noyabr “Daşaltı əməliyyatı”: 29 ilin fərqi – Video

0
23

Qarabağın qədim kəndi olan Daşaltıdayıq. 29 il əvvəl bu kənddə tariximizin qanlı səhifəsi yazılıb. Həmin hadisənin ildönümü üçün buradayıq. İlk dəfədir məşum ”Daşaltı əməliyyatı”na qalib bir xalqın gözü ilə, öz acı keçmişinə baxırmış kimi baxırıq…

Şuşanın mərkəzindən təxminən 3 kilometr cənubda, Cıdır Düzündən aşağıda, Daşaltı çayının sahilində yerləşir bu kənd. Daşaltı Şuşa qalasının bina olduğu nəhəng qayalığın altında yerləşdiyindən belə adlanır.

Şuşalılar Cıdır düzündən Daşaltı çayının sahilinə enən cığıra “Qırx pilləkən” deyir. 10 otaqlı “Xəzinə-qala”da buradadır. Böyük Daşaltı mağarasının bir hissəsi olan bu mağarada ölkəmizin 30 illik işğal dönəmizndə bizdən oğurlanan tarixi var. Ermənilər ötən illər ərzində saxta “arxeoloji qazıntılar” aparıb bu yerləri özlərinə aid etmək istəsələr də, bir şey alınmayıb. Bu yerlər, bu yerlərin hər daşı, cığırı, mağarası bizimdir.

1991-92-ci illərdə Daşaltını, ardından da mədəniyyət və ruhaniyyat beşiyimiz olan Şuşanı ələ keçirə bilmişdi bədnam qonşularımız. Bu gün “Daşaltı əməliyyatı”nı və digər hərbi məğlubiyyətlərimizi Şuşa zəfəri əvəzləyib. Müzəffər ordumuzun 44 günlük müharibədə göstərdiyi şücaət, nümayiş edirdiyi döyüş qabiliyyəti modern müharibə adı ilə hərb dərsliklərinə düşüb.

1992-ci il yanvarın 25-də gerçəkləşən “Daşaltı əməliyyatı” o dövrdə yeni yaranan Müdafiə Nazirliyinin planladığı ilk əməliyyat idi. Bu əməliyyat 2 dəfə təxirə salınmışdı. 3-cü cəhd isə uğurlu olmamışdı.

Bu əməliyyat yanvarın 25-də, axşam 12-də başlanıb və yanvarın 26-ı axşam saatlarında uğursuzluqla başa çatıb. Səbəb kimi bələdçilərin hücum tağımlarından birini Köhnə Nəbilər kəndi əvəzinə Təzə Nəbilərə aparıb çıxarması, ermənilərin əməliyyatın nə vaxt başlanacağını, hücumun hansı istiqamətlərdən olacağını 3 gün əvvəldən bilmələri, hücumda olan tağımlarımız arasında əlaqənin olmaması göstərilirdi. Hücumda cəmi 1 piyadaların döyüş maşını olub. Zabit və əsgərlərimiz ermənilərin güclü bazaya çevirdiyi Daşaltını azad etmək üçün qəhrəmanlıq, şücaət göstərsələr də, gözlənilən nəticəni əldə etmək mümkün olmamışdı.

O əməliyyatda iştirak edən və şəhid olan hər bir əsgərimizin, zabitimizin ruhu qarşısında baş əyirik. Onlar qələbə qazanmağımız üçün canlarından keçiblər…

O dövrdə yenicə müdafiə naziri təyin edilən Tacəddin Mehdiyevin şəxsən rəhbərlik etdiyi əməliyyatda Müdafiə Nazirliyinin yeni yaranmış 120 nəfərlik I taboru, Müdafiə Nazirliyi Kəşfiyyat Xidmətinin rəis müavini Riad Əhmədovun 11 nəfərlik diversiya dəstəsi iştirak edib. Şuşa könüllüləri də “Daşaltı əməliyyatı”na dəstək veriblər.

Kəndə daxil olmuş bir neçə tağım düşmənin güclü müqaviməti nəticəsində xeyli itki verərək geri çəkilməyə məcbur olub. Əməliyyatda Azərbaycan ordusu Şuşa rayon könüllüləri ilə bir yerdə 96 şəhid verib. Onlarla əsgərimiz hələ də itkin sayılır. Ermənilər isə 72 canlı qüvvə və bir neçə texnika itirib.

Daşaltıda olarkən 1-ci Qarabağ müharibəsində həmin o əməliyyatda iştirak etmiş qazimiz Niyazi Quliyevlə görüşdük. Müsahibimiz 120 nəfər döyüşçüdən möcüzə nəticəsində sağ qalmış 30 nəfərdən biridir. Deyir ki, tariximizin məşum səhifələrindən olan “Daşaltı əməliyyatı”nın növbəti ildönümünü zəfərlə, qələbə sevinci ilə qarşılayır:

“O döyüşdə şəhid olmuş qardaşlarımızın qanı yerdə qalmadı. Biz and içmişdik ki, o qanı yerdə qoymayacağıq. Bu gün Daşaltı azaddır, şəhidlik zirvəsinə qalxmış döyüş yoldaşlarımızın ruhu əminəm ki, şaddır. Burada, Daşaltıda, kəndi azad etmiş ordumuzun zabit və əsgərləri var, onlar bu ərazidə illərlə möhkəmlənmiş düşməni 1 günün içində darmadağın ediblər. Hər birini salamlayır, döyüşdə göstərdikləri şücaətə görə hər birini alqışlayıram”.

Xatırladaq ki, Daşaltı kəndi 2020-ci il noyabrın 5-də, səhər saat 5-də başlayan və növbəti gün düşmənin tam məhvi ilə nəticələnən əməliyyatla azad olunub. Bundan sonra Şuşa zəfəri gerçəkləşib, noyabrın 8-də Müzəffər Ordumuz Şuşanı da işğaldan azad etməyə müvəffəq olub.

Kəndə olarkən Daşaltının azad olunması əməliyyatının iştirakçısı xüsusi təyinatlı Vüqar Səfərovla görüşə bildik. Vüqar Səfərov dedi ki, Daşaltı azad olunandan sonra ətrafda Şuşaya hucuma maneə ola biləcək düşmən qüvvəsi qalmayıb:

“Ermənilər Şuşadan üzü aşağı Daşaltını atəş altında saxlaya bilirdilər. Şuşaya doğru qarış-qarış irəlilədik. Düşmən silahı doldurarkən qabağa qaçır, atəş açanda mövqe tuturduq. O qədər sevinc içində idik ki, dağlara necə dırmaşdığımızı belə unutmuşduq. Ermənilər bizi dağın başında görəndə təşviş içində qaçırdılar”.