Pandemiya müharibəsi: 2020-ci ildə əhalinin sosial vəziyyəti necə oldu?

0
161

Artıq 2020-ci ilin geridə qalmasına sayılı günlər qalıb.

Azərbaycanda bu ilin təhsil, səhiyyə və digər sosial sahələr üzrə mənzərəsi necədir?

Gəlin, birlikdə bu il sadalanan sahələrdə baş verən hadisələrə nəzər salaq. 

İlk olaraq hazırda dünyada tüğyan edən koronavirus pandemiyasından danışaq. 

Bildiyiniz kimi, 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayan koronavirus hazırda bütün dünyada tüğyan edir.  

Əfsuslar olsun ki, bu xəstəlik Azərbaycan ərazisindən də yan keçmədi və 2020-ci ilin fevral ayında ilk COVID-19-a yoluxma halları qeydə alındı və getdikcə yoluxma sayı artdı. 
Azərbaycan hökuməti insanların sağlamlığı üçün ölkədə xüsusi karantin rejimini tətbiq etdi. 

Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə 190 manat birdəfəlik ödəmə həyata keçirilib. Bu günə kimi 600 min şəxsə 190 manatlıq yardım tam şəffaf şəkildə ödənilib.

Pandemiya olmasına baxmayaraq, 2020-ci ilin ötən dövründə pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 1 milyard manatdan artıq çox vəsait ödənilib. 

Bu artımın 700 milyon manatdan çoxu pensiya, qalanı müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə ödənişlərdəki artımlardır. Ümumilikdə isə 2020-ci ilin yanvar-noyabr aylarında pensiya, müavinət və təqaüd, ünvanlı sosial yardım üzrə ödənilən vəsait 5 milyard 264 milyon manat təşkil edib. 2020-ci ildə pensiyaların orta aylıq məbləği 14% artaraq 300 manat təşkil edib. Pensiyaların sığorta hissəsi 16,6% indeksasiya edilərək artırılıb, 1,2 milyondan artıq pensiyaçını əhatə edən bu artım üçün aylıq 43 mln. manat əlavə vəsait ödənilir.

Vətəndaşlara ödənilən sosial müavinətdə 2020-ci ildə 18% artım olub, 11 ay ərzində 494 min nəfərə 563 mln. manat həcmində sosial müavinət ödənilib. Eyni zamanda, 289 min nəfərə 299 milyon manat həcmində Prezident təqaüdləri ödənilib. Bu istiqamət üzrə ayrılan vəsaitlərin həcmi də 29% artıb. 2020-ci ildə ünvanlı sosial yardım alan ailələrin sayı 9 min ailə (58 min ailə üzvü) artaraq, ümumilikdə 74,4 min ailə (312 min ailə üzvü) təşkil edib. Hər bir ailəyə düşən orta aylıq məbləğ ötən illə müqayisədə 15% artaraq, 238 manat təşkil edib. Bu il ərzində müharibə əlilləri və şəhid ailələrinə 1500-ə yaxın mənzil və fərdi ev verilib. Ümumiyyətlə, indiyədək bu kateqoriyadan olan vətəndaşlara 9 min ev verilib. Müharibə əlillərinə 400-dək avtomobil verilib və ümumilikdə onlara verilən avtomobillərin sayı 7 150-ə çatıb.

2020-ci ilin 11 ayı ərzində Məşğulluq Mərkəzləri tərəfindən 88 min nəfər işlə təmin edilib (ictimai işlər daxil olmaqla), 12 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub. 

Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib və 12 min ailə proqrama cəlb olunub, proqramın icrasına bu il üçün ümumilikdə 70 milyon manat ayrılıb.Həmçinin, mart ayında Nazirlər Kabinetinin yanında operativ qərargah bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul etdi. 

Yay aylarında sanitar epidemoloji vəziyyət nisbətən düzəldi, yenidən karantin rejimi yumşadıldı. 
Bununla da bütün təhsil müəssisələrində həftədə bir neçə dərs keçmək şərti ilə yenidən açıldı. Amma bu uzun çəkmədi… Bütün təhsil müəssisələri distant təhsilə keçdi. 

“Virtual məktəb” layihəsi çərçivəsində müəllimlər və şagirdlər dərsləri onlayn keçməyə başladılar. 

İnsanlar qaydalara tam əməl etmədikləri üçün payız ayında COVID-19-a yoluxma sayı yenidən artdı. Həm də yay ayından iki, üç dəfə çox… Bu dəfə koronovirusdan ölən şəxslərin də sayı artdı.

Bu ilin yay ayında daha bir yadda qalan hadisə baş verdi. Prezident İlham Əliyev Ceyhun Bayramovun Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı.

Prezidentin digər sərəncamı ilə Ceyhun Bayramov Xarici İşlər naziri vəzifəsinə təyinat aldı.
Təhsil naziri postu da çox boş qalmadı. Dövlət başçısının sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edildi.

“Virtual məktəb” platformasında 2020-ci ilin 20-27 dekabr tarixləri üzrə qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 426 721, müəllimlərin sayı 127 550, aktiv istifadəçi sayı 1 123 126, həftə ərzində platformada keçirilmiş dərslərin sayı 6 164 209 təşkil edib.

Pandemiya dövründə Təhsil Nazirliyi tərəfindən məktəbdənkənar təhsil müəssisələrinin qrup və dərnəklərinə cəlb edilən məktəblilər üçün dərs cədvəlinə uyğun olaraq start verilən onlayn dərslərdə 27 idman növü və 103 dərnək üzrə 25 min nəfərə yaxın qrup və dərnək üzvü, 1500-dən çox müəllim iştirak edib. 

Karantin dövründə təhsil sahəsində işdən çıxarılan, töhmət alan direktorlarla da yadda qaldı. 
Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq özünə ad günü keçirib. Ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Daha sonra direktor Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Həmçinin Bakı şəhəri 102 nömrəli tam orta məktəbin direktoru Mailə İsmayılovanın sosial şəbəkələrdə əsgər Vüsal Şahkərimovun görüntülərinə təhqir yazdı. Nəticədə “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğuna görə, ona Təhsil nazirinin əmri ilə töhmət verilib.
Bu il ölkədə koronovirusdan ölən insanlar da az olmadı. Onlar arasında vəzifəli şəxslər, icra başçısı, icra başçısının müavini, müdirlər, direktorlar da var. 2020-ci ildə Azərbaycan 30 ilə yaxın işğalda qalan dədə-baba torpaqlarını mənfur düşməndən azad etdi. Postmüharibə dövründə sosial dəstək tədbirləri də görüldü.

Bu tədbirlər Vətən Müharibəsi şəhidlərinin və itkin düşmüş hərbçilərin ailələrini, yaralanmış hərbçiləri, erməni terrorundan zərər çəkənləri və müharibə iştirakçılarını – ümumilikdə 6 minədək şəxsi əhatə edir. 750 şəhidin 1850-dən çox ailə üzvünə pensiya, müavinət, təqaüd təyin edilib. Proses davam edir. Şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillərlə təmin edilməsi istiqamətində aparılan işlər davam etdiriləcək. Sosial tərəfdaşlar tərəfindən 112 mindən çox ərzaq payının həssas qruplara verilməsi prosesi aparılır – Heydər Əliyev Fondu 100 min, “Bravo” 10 min, UNİCEF 2 min ailəyə ərzaq payı çatdırır.

Ailə üzvlərindən əlilliyi olan və sağlamlıq imkanları məhdud 300-dən çox şəxsə birdəfəlik maddi yardım ayrılıbPostmüharibə dövründə şəhidlərin və itkin düşmüş hərbçilərin ailələrinə, yaralanmış hərbçilərə sosial-psixoloji dəstək göstərilir.  2020-ci il ərzində şəhidlərinin və itkin düşmüş hərbçilərin ailələrinin, yaralanmış hərbçilərin məşğulluq və özünüməşğulluq məsələlərinin istiqamətində tədbirlər davam etdirilib. Özünüməşğulluq proqramına 1400 nəfər, o cümlədən şəhid ailələrinin 750 üzvü, haqqı ödənilən ictimai işlərə 200 nəfər (o cümlədən şəhid ailələrinin 50 üzvü) cəlb edilib. 

2020-ci ildə Bakıda bir direktor və 18 müəllim koronavirusdan vəfat edib.

Geridə qoyduğumuz ildə Azərbaycanda korrupsiyaya da qarşı mübarizə tədbirləri davam etdirilib. 

Yaxın iki il ərzində xeyli sayda yüksək vəzifəli məmurlarla bağlı həbs qətimkan tədbirləri seçilib. 

Neftçala, Biləsuvar, Kürdəmir, İmişli, Cəlilabad Rayon İcra başçıları rüşvət aldıqları üçün həbs edilib. Eyni zamanda, Mədəniyyət Nazirliyinin də vəzifəli şəxsləri müxtəlif vasitələrlə rüşvət aldıqları üçün saxlanılıb.

Həmçinin, qeyd edək ki, bu il töhmət alan deputat, icra başçısı, icra başçısının müavinləri ilə də yadda qaldı.