Erməni təcavüzü nəticəsində mülki əhaliyə dəyən zərər qısa müddətdə aradan qaldırılacaq

0
193

Azərbaycan Vətən Müharibəsi ilə işğal edilmiş torpaqlarını mənfur düşməndən azad etdi və böyük qələbə qazandı. Lakin istənilən münaqişənin daha çox zərərçəkən tərəfləri sözsüz ki, olur, bu, müharibənin qaçınılmaz nəticələrindən biridir. Bu vəziyyət müəyyən kəsimdə əhalinin mübaribədən daha çox təsirlənməsinə və onların sosial-iqtisadi vəziyyətinə birbaşa təsir edir. Azərbaycan isə bu müharibədən minimum zərərlə çıxdı.

Hazırda Azərbaycan Respublikası böyük bərpa prosesinə start verib və burada prioritet məsələni ilk növbədə sosial rifahı təmin etmək, əhalinin sosial-iqtisadi vəziyyətini stabilləşdirmək, maliyyə məsələləri də diqqətdə saxlanılmaqla xüsusilə müharibədən ən çox təsirlənən kəsimin normal yaşayış şəraitinə qaytarılması təşkil edir. Ölkədə digər məsələlərdə olduğu kimi bu məsələdə də sosial amil ilk sırada dayanır.      

Bu istiqamətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən, infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində Sərəncam imzalandı. Sərəncamdan irəli gələn məsələlər ilk növbədə münaqişə nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına yönəlib. O cümlədən, bu kəsimin normal həyat səviyyəsinin təmin edilməsi üçün infrastrukturun bərpası ilə yanaşı onların aktiv məşğulluğu da nəzərə alınaraq, Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində sahibkarlıq subyektlərinə dəymiş ziyan da xüsusi diqqətə alınıb.

Bütün bu işlərin həyata keçirilməsini kompleks şəkildə təmin etmək üçün Azərbaycan Respublikası baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası və bu komissiyanın işinin təşkil edilməsi üçün 11 işçi qrupu yaradıldı. İşçi qruplarının yaradılması, eyni zamanda, bərpa prosesinin müxtəlif istiqamətlərdə həyata keçirilməsinə imkan verəcək.

Bu işçi qrupları 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən, əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanı müəyyənləşdirəcək və artıq bu istiqamətdə araşdırmalar da aparılır. Bərpa işlərinin ilkin mərhələsi hesab edilən vacib infrastrukturun yenidənqurması işlərinə artıq start verilib. Həmçinin, işğaldan azad edilmiş ərazilərimizdə də infrastruktur layihələrinin ən qısa müddətdə sürətli şəkildə təmin etmək məqsədilə bərpa proqramları hazırlanır.  

Bərpa prosesinin əhatəli formada həyata keçirilməsi ilə yanaşı operativ şəkildə təmin edilməsinə də xüsusi diqqət ayrılır. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi barədə tapşırıq verilib. Bu məlumat bazasına mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyan və onun aradan qaldırılması ilə bağlı məlumatlar daxil edilir. Formalaşdırılmış baza bərpa və yenidənqurma işlərinin təmin edilməsini sistemli hala gətirəcək. Həyata keçiriləcək işlərin planlı formada reallaşdırılması həm də prosesi sürətli edəcək.

Bütün bunlarla yanaşı müharibədən zərər çəkmiş əhalinin zəruri sosial ehtiyaclarına da xüsusi diqqət ayrılıb. Bu ehtiyacların tezliklə təmin edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 14 dekabr 2020-ci tarixində növbəti Sərəncam imzalandı. Sərəncama əsasən, ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi, onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması təmin ediləcək.

Bu Sərəncamla Ermənistanın xüsusilə ölkənin mülki əhalisinə istiqamətlənmiş hərbi təcavüzünün nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evlərində məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə altı min manat maddi yardım göstəriləcək. Eləcə də şəxsi əşyalara dəymiş ziyanın aradan qaldırılması üçün hər bir ailə üzvü 1 500 manatla təmin ediləcək. Digər tərəfdən qismən ziyan dəymiş yaşayış evləri üzrə də hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb.

Evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhaliyə maddi yardımların göstərilməsi ilə bağlı qərar hər bir fərdin ehtiyaclarının ayrı-ayrılıqda nəzərə alındığını göstərir. Bu həm də müharibədən zərər görmüş kəsimin sosial-iqtisadi vəziyyətinin də tezliklə nizamlanmasına əlavə dəstək kimi dəyərləndirilə bilər.

Artıq maliyyələşmənin həyata keçirilmə forması da müəyyənləşib. Bununla bağlı Nazirlər Kabinetinə müvafiq tapşırıq verilib. Maddi yardımların təmin edilməsi isə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış evlərinin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödəniləcək.

Qeyd edək ki, münaqişə ərzində kütləvi müharibə cinayətləri törədən Ermənistan tərəfinin mülki obyektlərə hərbi təcavüzləri nəticəsində sahibkarlıq subyektlərinə də böyük məbləğdə ziyan dəyib. Buna görə də növbəti dövrdə biznes fəaliyyətinin stimullaşdırılması məsələsi də bərpa prosesinin əsas halqalarından birini təşkil edəcək. Eləcə də təkcə dəymiş ziyan aradan qaldırılmayacaq, həmçinin işğaldan azad edilən ərazilərimizdə yeni sahibkarlıq subyektlərinin yaradılması üçün xüsusi dəstək proqramları da həyata keçiriləcək. Bu prosesin ilkin mərhələsinin tətbiqinə artıq başlanılıb.

Məsələyə detallı yanaşma və maliyyə məsələlərinin də nəzərə alınması bütün bu bərpa və yenidənqurma işlərinin ən qısa müddətdə həyata keçiriləcəyini deməyə əsas verir.