5 min kiloqrama yaxın toyuq filesi məhv edildi

0
233

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Nəzarət tədbirləri çərçivəsində xarici ölkələrdən Azərbaycana idxal edilən yeyinti məhsulları Qida Təhlükəsizliyi Agentliyi tərəfindən risk əsaslı ekspertizaya cəlb edilir.

AQTA-da verilən məlumata görə, “Kompas” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Rusiyadan ölkəmizə idxal olunan dondurulmuş putassu balığından götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinəsi nəticəsində məhsulda “Anizakislər” (parazitlər) aşkar edilmiş, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunmuşdur. Bununla bağlı istifadəyə yararsız olan 7320 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

Həmçinin Məmmədli Azər Tofiq oğlu tərəfindən Rusiyadan idxal olunan dondurulmuş toyuq filesi məhsullarından götürülmüş nümunələrdə də patogenlər, o cümlədən salmonella aşkar edildiyi üçün məhsul partiyalarının sanitariya-epidemioloji qaydalara və normativlərə cavab vermədiyi məlum olub. Bununla bağlı istifadəyə yararsız olan 4980 kq məhsul partiyası Agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.