Ermənistan parlamentində SÖZ GÜLƏŞİ: “Sən bilmirsən ki, türklər…”

0
100

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamenti “Hərbi vəziyyət rejiminin ləğvi haqqında” qanun layihəsinin müzakirəsini aparıb.

İclasda gərgin anlar yaşanıb. Müxalifət ölkədə hərbi vəziyyət rejiminin uzadılmasının hakimiyyətin siyasi ömrünü uzatmaq üçün bir hiylə olduğuna inanır. Öz növbəsində, iqtidar komandası bunu ehtiyac yaranarsa, sürətli cavab vermək üçün bir fürsət kimi qəbul edir.

Hakim “Mənim addımım” blokunun üzvü Ovannes İqityan hərbi vəziyyət rejiminin uzadılmasını Ermənistanın üzərində Türkiyə təhlükəsinin dolaşması ilə izah edib: “Ordumuz döyüş hazırlığı vəziyyətində olmalıdır ki, pozuntu halında dərhal reaksiya verə bilsin”.

Müxalifətdə olan “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zohrabyan hakim blokun millət vəkilinə sərt cavab verib: “Düşmən bizi eşitdiyinə görə” “təslim olmaq” sözünü istifadə etmədiyinizi söyləyirsiniz. Sən “Artsax”ın türklər qarşısında diz çökdüyünü bilmirsən?”

O qeyd edib ki, təhlükə hər zaman Ermənistanın üzərində qalacaq, amma bu, hərbi vəziyyət rejimini qorumaq lazım olduğu anlamına gəlmir.

“Çiçəklənən Ermənistan” fraksiyasının millət vəkili Gevorq Petrosyan bəyan edib ki, hakimiyyət hərbi vəziyyət rejiminin qorunması zərurətinin lehinə bircə dəlil də gətirməyib: “Hamımız başa düşürük ki, hərbi vəziyyətin uzadılması hökumətin ömrünü uzatmaq üçün bir hiylədir”.

O, Nikol Paşinyanı gecikmədən istefa etməyə çağırıb.

Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət rejimi sentyabrın 27-də Qarabağda hərbi əməliyyatların başlaması ilə tətbiq olunub.