Borclu olduqlarımızı unutmayaq

0
189

Bəzən oturub dərindən düşündüyüm anlarım olur… Və həmin anlarda bugün bu həyatda yaşamağıma görə kimlərə borclu olduğumu fikirləşmişəm. Təbii ki, bir inanclı insan kimi ilk növbədə Allaha borcluyam, məni xəlq edən, məni bir heçdən yaradan Odur. Daha sonra valideynlərim gözümün önünə gəlir, məni böyüdüb boya-başa çatdırdıqlarına görə onlara da təşəkkürümü bildirirəm fürsət düşən kimi. Bir də bir vətəndaş kimi borclu olduğumuz insanlar var deyə düşünürəm… Kimdir onlar?Torpağına ayaq basdığımız Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş əmim oğlu Eldəniz Bağırov və onun simasındakı insanlar! Onlara Şəhidlər deyirik. Onlar ölməyiblər, canlarından keçiblər… bizlər üçün. Bizim rahat şəkildə yaşamağımız, təhsil almağımız, səhər evdən çıxıb işə getməyimiz, işdən sonra dostlarımızla vaxt keçirmək və ailə üzvlərimizlə xoş günlər yaşamağımız üçün onlar təhsillərindən, işlərindən, dostlarından, ailələrindən vaz keçiblər… ən əsası isə canlarından keçiblər bizim yolumuzda…Şəhid olublar! Biz həm də həmin insanlara borcluyuq! Onların canı bahasına bu gün yaşadığızım Zəfər bayramımıza görə Azərbaycanı qorumağa borcluyuq, bilik və savadımızla, istedadımızla üçrəngli bayrağımızı daim yüksəklərə ucaltmağa borcluyuq, o şəhidlərin qanları ilə yoğrulmuş Müqəddəs Bayrağımızı hər zaman öpüb gözümüz üstə saxlamağa borcluyuq!Bir sözlə, nümunəvi vətəndaş olmağa borcluyuq! Fəhləsi dəqiq işləməklə, müəllimi dürüst olmaqla, həkimi vicdanlı yaşamaqla, prokuroru, hakimi ədalətli, alimi çalışqan, yazıçısı obyektiv davranmaqla nümunəvi vətəndaş olmalıyıq hamımız! Bir də unutmamalıyıq o insanları, bizim yolumuzda canından keçmiş şəhidlərimizi unutmamalıyıq. Təkcə bu günkü kimi əlamətdar günlərdə deyil, hər zaman onları ziyarət etməliyik, tək qəbirlərini deyil, xatirələrini ziyarət etməliyik.

 İctimai Nəzarət Koalisiyası təşkilatı olaraq bu gün Rasim Məmmədovun təşəbbüsü ilə Milli Qəhrəman, şəhid anaları Gözəl Xasıyeva, Tərlan Xəlilova və təşkilat kollektivi ilə Azərbaycan vətəndaşı olaraq, şəhidlərimizi ziyarət etdik və onların ruhunu, uyuduqları məkanı ziyarət edib halallıq istədik. Bu, hər bir Azərbaycan vətəndaşının borcudur! Vətəndaş olaraq, borcumuzu yerinə yetirdik…

Bir az ayaq saxlayıb söhbət etmək üçün, onların daşlara həkk olmuş fotolarına doyunca baxa bilmək üçün… Qərənfillər ilə çıxdım qarşılarına, hər bir məzara baxdım, qəlbimdə onlara təşəkkürümü bildirdim, dualar oxudum, göz aydınlığı verdim… Qarabağ azad edildi, canlarını qurban etmiş şəhidlərim…

Bilirəm, bütün şəhidlərin ruhları bu gün azadlığın sevincini yaşayır. Çünki, onlar ölməyiblər! “Quran”da da buyurulub ki, “Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. (“Ali-İmran” 169). Odur ki, Bakımızın ən yüksək zirvəsində əbədiyyətdə uyuyan qəhrəmanlarımız sağdır, yaşayırlar…

Bizim qəlbimizdə, yaddaşımızda, dilimizdə, dualarımızda yaşayırlar onlar. Əgər bu gün biz müstəqil Azərbaycanımızın Qələbəsinə şahid oluruqsa, qələbə sevincini yaşayırıqsa, bunu ilk növbədə şəhidlərimizə borcluyuq! Odur ki, borcumuzu qaytarmağa çalışaq! Borclu olduğumuz kəsləri ziyarət etməklə, onları yad etməklə və onları unutmamaqla qaytaraq borcumuzu! Zəfər bayramınız mübarək!!!!

Aygül Bağırova,

İctimai Nəzarət Koalisiyasının aparat rəhbəri