Daşınar əmlakı girov qoymaqla kredit əldə etmək barədə məlumat verilib

0
370

6 oktyabr tarixində Mərkəzi Bank ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin (DƏYDR) sahibkarlıq fəaliyyətində rolu” və “KOBİA və KOB Dostu xidmətinin fəaliyyəti” mövzularında vebinar keçirilib.

Mərkəzi Bankın məlumatına görə, sahibkarların iştirakı ilə keçirilən görüşdə DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar, daşınar əmlakı girov qoyaraq kreditin əldə olunması imkanları, müraciət prosedurunun asanlığı barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb və informasiya resursunun üstün cəhətləri nümayiş etdirilməklə fikir mübadiləsi aparılıb.

Eyni zamanda Kiçik və Orta Sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb ki, DƏYDR-dən aktiv istifadəni təşviq etmək məqsədilə xidmət haqqların əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib.

Vebinarda KOBİA tərəfindən kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində göstərilən dəstək tədbirləri barədə məlumat sahibkarların diqqətinə çatdırılıb.

Güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətlər üzrə müzakirələr aparılıb.

Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda müvafiq görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.